30 Aprel 2020, 00:31
DÖYÜŞ NÖVLƏRİ
Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Heydər Əliyev Fondunun "Biz birlikdə güclüyük" sosial aksiyasına qoşulublar.
Matc.az xəbər verir ki, cüdo üzrə Azərbaycan milli komandasının üzvləri, Olimpiya Oyunları, dünya və Avropa çempionatlarının mükafatçıları olan cüdoçularımız onlara verilən prezident mükafatından 100 ailəyə yardım göstəriblər və bütün idmançı dostlarını da imkansız ailələrə yardım etməyə səsləyiblər.
Cüdo üzrə həm kişilər, həm də qadınlardan ibarət milli komandalarımızın təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına əsasən çölə çıxa bilməyən, tənha yaşayan insanlara, eləcə də maddi yardıma ehtiyacı olan insanlara və aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Milli komandamızın kapitanı, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlixadə və Rio Olimpiya Oyunlarının gümüş medalçısı, Avropa və dünya çempionatının mükafatçısı Elmar Qasımov 100 ailəyə baş çəkərək onlara ərzaq paylayıblar.
Yardım təqdim edilən vətəndaşlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğu diqqətə çatdırılıb.