Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 27-də, saat 20:00-da "Bakcell Arena"da baş tutacaq "Neftçi" – "Şkupi" (Şimali Makedoniya) oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı artıq məlum olub.
 
Matc.az xəbər verir ki, öncə "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir avqustun 26-da "Bakcell Arena"da keçiriləcək və saat 18:00-da başlanacaq. Saat 19:00-da komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
 
Həmin gün "Bakcell Arena"da "Şkupi"nin baş məşqçisi Qatip Osmaninin mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.
 
Qeydiyyatdan keçmiş jurnalistlərə saat 12:00-dan etibarən "Bakcell Arena"nın media üçün ayrılmış iş otağında oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.
 
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest