26 Avqust 2020, 19:03
AVROPA LİQASI
"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 55 yaşlı mütəxəssis qarşılaşma öncəsi "ASK Arena"da təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Sabah Albaniya klubu ilə ağır oyunumuz olacaq. Komanda şəklində tam ciddi hazırlaşmışıq. çempionat matçında da qələbə qazanmağımız əhvalımızı artırdı. İnanıram ki, sabah da yaxşı çıxış edib, qalib gələcəyik. Bu inamı mənə futbolçularımız verib. Rəqibi təhlil etmişik. "Laçi" zəif komanda deyil. Əksinə, ən güclü komandalardan biridir. Amma biz yaxşı nəticəyə ümid edirik. Şahruh Qadoyevin zədələnməsi problemdir. Amma digər zədəlilərimiz sağalıb, sabah onların əməyindən istifadə edəcəyik.
- Rəqibin hansı üstün cəhətləri sizi narahat edir?
- Deyə bilmərik ki, baxdığımız oyunun taktikası ilə çıxış edəcəklər. çempionatla avrokubok fərqli olur. Hücum xətləri çox güclüdür. Orta sahədə olan bir təhlükəli oyunçiuları da var. Zəif cəhətləri var, sabah onlardan yararlanmağa çalışacağıq. Onların hücumçusu 26 qol vurub, çempionatın bombardiri olub.
- Batista son oyunda sağ cinah müdafiəçisi kimi oynasa da, yarımmüdafiədə də çıxış edir. Sabah ona hansı mövqedə şans verəcəksiniz?
- Heyəti özüm üçün müəyyənləşdirmişəm. Amma indidən nəsə deyə bilmərəm.
- Yenidən məşqçiliyə qayıtmısınız. Həyəcan var?
- Xeyr, həyəcanım yoxdur. Avrokubokda mərhələ keçən ilk məşqçi mən olmuşam "Karvan"da olarkən. Elə bir həyəcan yoxdur. İnşallah, sabah mərhələ adlayan tərəf biz olacağıq.
- Hücumda kimə güvənəcəksiniz?
- Heyəti heç vaxt öncədən açıqlamıram. Sabah hansı tam hazır olsa, o da oynayacaq. Bu gün hələ məşqimiz var.
- Son oyunda Kristovao əsəbi idi. Onunla söhbətiniz oldu?
- Deyirlər ki, guya mənə əsəbləşib. Amma heç bir futbolçu mənə əsəbləşə bilməz. Mənim xasiyyətim buna imkan vermir. Əvəzlədiyim oyunçu əsəbləşə bilməz.