"Fənərbaxça"nın hücumçusu Vedat Muriqinin İtaliyanın "Latsio" klubuna transferi rəsmiləşib.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Kosovo yığmasının forvardı paytaxt klubu ilə 5 illik müqaviləyə imza atıb. "Latsio"nun bu keçidə görə "Fənərbaxça"ya 18 milyon avro ödəyəcəyi bildirilir.
 
Qeyd edək ki, Muriqi "Fənərbaxça"ya 2019/20 mövsümünün əvvəlində "Rizəspor"dan transfer edilmişdi. O, daha öncə Türkiyədə "Gənclərbirliyi" və "Girəsunspor"da da forma geyinib.
 
"Fənərbaxça" sloveniyalı yarımmüdafiəçisi Miha Zayçı isə İtaliyanın digər klubu "Cenoa"ya icarəyə göndərib. İstanbul klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, 26 yaşlı futbolçu qarşıdakı bir ili A Seriyası təmsilçisində keçirəcək. Sloveniya yığmasının üzvü geridə qalan mövsümdə İstanbul təmsilçisində 17 rəsmi oyuna çıxıb, 2 qola imza atıb.
 
Yeri gəlmişkən, "Fənərbaxça" bir yeni transferi də açıqlayıb. Sözügedən klub konqolu müdafiəçi Marsel Tisserandın transferinin tamamlanmaq üzrə olduğunu açıqlayıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, 27 yaşlı futbolçu artıq İstanbula gəlib və onunla tezliklə rəsmi müqavilə imzalanacaq.
 
"Monako"nun yetirməsi olan Tisserand, "Lans", "Tuluza", "İnqolştadt" klublarında da forma geyinib. O, 2017-ci ildən "Volfsburq"un uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest