Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədovun matc.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında növbəti tur “Sabah” - “Səbail” matçı ilə start götürəcək. Sizcə, bu oyunda hansı komandanın qələbə qazanmaq şansı daha çoxdu?

- Hər iki komandada stabillik çatışmır. Bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev də mətbuat konfranslarında qeyd edir. Bilmək olmur ki, “Sabah” və “Səbail” növbəti turda qalib gələcək, yoxsa uduzacaq. İkisində də stabillik yoxdu. Buna görə də ardıcıl qələbələr qazana bilmirlər. Şəxsən mən heç-heçənin qeydə alınacağını düşünürəm. Maraqlı oyun olacaq.

- Premyer Liqanı tərk etmək üzrə olan “Qəbələ” “Kəpəz”ə qalib gələ bilməsə, bütün ümidlərinin üstündən xətt çəkəcək. “Qəbələ” son şansdan faydalana biləcək?

- Bəli, “Qəbələ” üçün riyazi cəhətdən son şansdı. Amma mən bu şansın da artıq bitdiyini deyərdim. Nəticədən asılı olmayaraq, alınacaq 1 və ya 3 xal belə, onlara heç nə qazandırmayacaq. Komandada özünəinam itib, bu da futbolun reallıqlarından biridi. Əslində, oyunları pis keçirməyiblər, yaxşı təsir bağışlayıblar. Amma tarixdə nəticə qalır. Nəticə olmayanda futbolçular psixoloji cəhətdən çökürlər. Bu görüşdə heç-heçə və ya “Kəpəz”in qələbəsinin qeydə alınacağını düşünürəm.

- Doğma şəhərinizin komandası “Turan Tovuz” səfərdə “Neftçi” ilə üz-üzə gələcək. “Neftçi” adətən Tovuz klubu ilə oyunlarda çətinliklə üzləşir. Bu dəfə də belə olacaq?

- Ayxan Abbasov harada işləməsindən asılı olmayaraq, “Neftçi”nin önünə həmişə daha motivasiyalı komanda çıxarıb. Bunu “Sumqayıt”ı çalışdıranda da edib, “Turan Tovuz”da da. Hər iki komanda bu oyundan öncə son turda uduzub, üstəlik, “Neftçi” kubok matçında da məğlubiyyət yaşayıb. Yəni hər ikisi yaralıdı. Amma Ayxan Abbasov amili var ki, “Neftçi”yə yenə problem yaşada bilər. Məncə, “Turan Tovuz” Bakıdan xalla dönəcək.

- Son 2 turda qələbə qazana bilməyən “Qarabağ” bu tur “Sumqayıt”la görüşdə də 3 xala həsrət qala bilər?

- Məncə, bu oyun turun ən maraqlı matçı olacaq. Ümid edirəm ki, Sumqayıtdakı yeni stadiona çoxlu azarkeş kütləsi gələcək. Hər ikisi formada olan komandadı. “Sumqayıt” 1 xal götürə bilər. Həqiqətən də, “Qarabağ” yaxşı komandadı. İstədiyi vaxt istənilən rəqibə qol vura bilir. Bununla belə, görüşün “Qarabağ” üçün çətin keçəcəyini düşünürəm.

- “Araz-Naxçıvan”ı qəbul edəcək “Zirə” ikinci pillədəki mövqeyini qoruya biləcək?

- “Zirə” hazırda çox yaxşı formadadı. Son turlarda inamlı çıxış edir, yaxşı nəticələr qazanır. Bu gün “Zirə” daha motivasiyalıdı. Avrokuboklara vəsiqə qazanmaq istəyən Rəşad Sadıqovun komandası birmənalı şəkildə xal itirməməyə çalışacaq. Düşünürəm ki, 3 xal “Zirə”nin olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest