15 Oktyabr 2020, 23:26
AVROPA LİQASI
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Vilyarreal" heyətlə bağlı ciddi problemlərlə üzləşib.
Matc.az xəbər verir ki, komandanın hücumçusu Jerar Morenonun bu ayın sonuna qədər oynamayacağı dəqiqləşib.
İspaniya yığmasının heyətində sol ayaq budundan xəsarət alan forvard tibbi müayinədən keçib və 2-3 həftə meydana çıxa bilməyəcəyi bəlli olub. Bu isə o deməkdi ki, 28 yaşlı forvard Avropa Liqasında ilk iki görüşü buraxmalı olacaq.
"Vilyarreal" Morenodan əlavə Pervis Estupinyan və Sofyen Şaklanı da itirib. Ekvador yığmasının heyətində zədələnən Estupinyanın da zədəsi ciddidir. Klub ekvadorlu futbolçunun müalicəsinə start verildiyini açıqlasa da, dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir. Koronavirusa yoluxan Şakla isə Mərakeşdə karantinə alınıb.
Qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Vilyarreal" qarşılaşması oktyabrın 29-da keçiriləcək.