21 Oktyabr 2020, 19:36
AVROPA LİQASI
İsrailin "Makkabi" klubunun yarımmüdafiəçisi Dor Peretes Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda Təl-Əvivdə "Qarabağ"a qarşı keçirəcəkləri matçdan əvvəl fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 25 yaşlı israilli futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Azarkeşsiz oynamaq çətindir, xüsusən də Avropa Liqasının bu cür oyunlarında. Amma vəziyyət belədir. Avrokuboklarda yolumuza davam etmək üçün meydanda əlimizdən gələni etməliyik. Bacardığımız qədər irəli getmək niyyətindəyik".
Koronavirusdan yenicə sağalan 25 yaşlı futbolçu infeksiyanın komandaya çox təsir etdiyini bildirib: "Artıq geri qayıtmağın və komandanın uğur qazanması üçün ən yaxşısını etməyin vaxtı gəlib. Hazırda özümü əla hiss edirəm. Ən yaxşı formaya qayıtmaq üçün əlimizdən gələni etdik. Rəsmi oyuna çıxmamışıq, bütün oyunçular koronavirusa yoluxmuşdu. Amma bu bəhanə deyil. Matç tamam başqadır. çünki oyunun dinamikası məşqlərdən fərqlidir. Amma əvvəl dediyim kimi sabah heç bir bəhanə qəbul olunmayacaq".
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.