Türkiyənin "Başakşəhər" klubunun prezidenti Göksəl Gümüşdağ Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İspaniya "Vilyarreal"ı arasında baş tutacaq matçın "Başakşəhər Fatih Terim" stadionuna təyin olunmasına münasibət bildirib.
 
Matc.az xəbər verir ki, o, bu qərardan məmnunluğunu dilə gətirib:
 
"Dünən bazaya gələndə mənə dedilər ki, UEFA Azərbaycanın "Qarabağ" klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var. Azərbaycan klubu UEFA və "Başakşəhər"in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də "Qarabağ"ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu".
 
Gümüşdağ komandasının çempionlar Liqasında iştirakı səbəbindən ot örtüyündə yaranacaq problemdən də narahatlıq keçirmədiklərini vurğulayıb: "Oktyabrın 28-də çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə "Qarabağ" "Vilyarreal"la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, "Qarabağ" klubunu ən yüksək səviyyədə qonaq edəcəyik".
 
"Başakşəhər"in prezidenti hətta "Qarabağ"ın hər 3 ev matçının stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: "Qarabağ"ın 3 ev oyununun hamısının burada keçirilməsinə razıyıq. Amma UEFA hələlik bir oyunla bağlı qərar verib. UEFA müsbət rəy verərsə, "Qarabağ" digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest