05 Noyabr 2020, 18:55
AVROPA LİQASI
"Qarabağ"ın direktoru Emrah çelikel Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Sivasspor"la oyundan öncə Türkiyə Böyük Birlik Partiyasının rəsmiləri ilə görüşüb.
Matc.az xəbər verir ki, görüşdən sonra o, "İhlas" agentliyinə açıqlamasında Sivasda olduqca isti və mehriban qarşılandıqlarını bildirib:
"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, feyr-pley qaydaları çərçivəsində gözəl oyun olacaq".
Komandanın əsas hədəfinin idman sahəsində uğur qazanmaq olduğunu söyləyən çelikel eyni zamanda Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya göstərmək istədiklərini vurğulayıb: "Avropada Azərbaycanı "Qarabağ" adı ilə təmsil etmək bizim üçün mənəvi məsuliyyətdir. Həmçinin bu adı layiq olduğu şəkildə yaşatmağa çalışırıq. Əcnəbi futbolçularımızı torpaqlarımızın necə işğal edilməsi ilə bağlı məlumatlandırırıq. Daha əvvəl işğal tarixlərini öyrədirdik. İndi isə torpaqlarımızı azad edib, bu böyük uğurun sevincini və qürurunu yaşayırıq"
Tədbirin sonunda "Qarabağ" klubuna Türkiyə bayrağı və "Qurbani-Kərim" kitabı hədiyyə olunub.
"Qarabağ"ın baş meneceri Asif Əsgərov isə "A Spor"a açıqlamasında təşkilatçılığa görə "Sivasspor"a təşəkkür edib:
"Sivasa gələn kimi özümüzü evimizdə hiss etdik. çünki hava limanında bizi çox yaxşı qarşıladılar. Sivas valisi və digər şəxslər bizi evimizdəki kimi hiss etdirdilər. Komandada hər şey qaydasındadır. İnanıram ki, qarşılaşmada yaxşı nəticə əldə edə biləcəyik".
Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda baş tutacaq "Sivasspor" – "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.