Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışını şərh edib.
 
Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində üçüncü tur çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a 2:0 hesabıyla qalib gəldikləri oyundan da danışıb:
 
"Qrupda artıq 3 oyun keçirmişik. Hər üç matçda yaxşı çıxış etdik və qol vurduq. İlk 3 oyunu müqayisə etsək, "Vilyarreal"la qarşılaşmanı daha yaxşı keçirdiyimizi deyə bilərəm. Səfərdə 3 qol vursaq da, şanssız şəkildə məğlub olduq. "Makkabi" ilə Sivasdakı görüşdə də bəxtimiz gətirmədi. Qırmızı vərəqə aldıq, qapımıza penalti təyin olundu. Amma yenə də təslim olmadıq. üçüncü oyunda "Qarabağ"ı məğlub etməyə borclu idik. Kollektiv şəkildə yaxşı çıxış etdik və istəyimizə çatdıq. 2:0 hesabı ilə qalib gəldik, amma son ötürmələrdə diqqətli olsaydıq, hesab daha böyük ola bilərdi. Əsas odur ki, qələbə qazandıq".
 
Baş məşqçi qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacaqlarını vurğulayıb: "Növbəti oyunumuz yenə "Qarabağ"a qarşı olacaq. Məqsədimiz yenə qələbə qazanmaq olacaq. Daha sonra "Vilyarreal"la burada qarşılaşacağıq. Bizim üçün əsas oyunlar ondan sonra başlayacaq".
 
Heyətdə bir neçə itkinin olmasından gileylənən çalımbay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı onların da sıraya dönəcəyinə və "Qarabağ"la cavab qarşılaşmasına tam heyətlə hazırlaşacaqlarına ümid edir.
 
Qeyd edək ki, "Qarabağ"la "Sivasspor" arasındakı növbəti matç noyabrın 26-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest