10 Noyabr 2020, 14:34
AVROPA LİQASI
"Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Türkiyə "Sivasspor"u və İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə ev oyunlarını Bakıda keçirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah çelikel məlumat verib.
Matc.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah çelikel məlumat verib.
Klub rəsmisi bildirib ki, bunun üçün yenidən UEFA-ya müraciət ediləcək: "Artıq müharibə dayanıb. Qitə futbol qurumuna Bakıda oyun keçirməyin mümkünlüyünü deyəcəyik. Daha əvvəl İstanbulda oynamaq üçün müraciət olunub. Hələlik yekun qərar yoxdur".
Qeyd edək ki, noyabrın 26-da olacaq "Qarabağ" - "Sivasspor" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi Azərbaycandakı hərbi vəziyyətlə bağlı ev qarşılaşmalarını neytral meydanda oynamalıdır. "Qarabağ" İspaniya "Vilyarreal"ı ilə matçını (1:3) da İstanbulda "Başakşəhər" klubuna məxsus "Fatih Terim" stadionunda keçirib.
"Qarabağ" rəsmisi Azərbaycanın Ermənistanla vətən müharibəsinin zəfərlə başa çatmasına da münasibət bildirib: "Bu bizim üçün böyük sevincdir. Demək olar ki, ən böyük sevincimizdir. Klub olaraq hamı kimi cənab Prezidentə, Ali Baş Komandana minnətdarlığımızı bildiririk".
Funksioner 1998-ci ildən Bakıda olduğunu xatırladıb: "Həmin gündən bu vaxta qədər Qarabağ bizim ağrılı yerimiz idi. İndi isə sevinc qaynağımız oldu. Bu sevincimizin isə tarifi yoxdur. Səhərə kimi yatmamışıq".
çelikel "Qarabağ"ın ev oyunlarını doğma Ağdamda keçirmələrinin mümkünlüyünü də dilə gətirib: "Qələbə xəbəri yenidir. Cənab prezidentin çıxışında izlədik ki, Ağdamı noyabrın 20-də geri alacağıq. Bundan sonra orada yaşayışın nə zaman bərpa ediləcəyini gözləyəcəyik. "Qarabağ"ın İmarətdə oynaması reallığa yaxınlaşır. Bu da hər kəsi bir başqa cür sevindirir. Dövlətimiz necə tapşırıq versə, ona böyük sevinc və qürurla hazırıq".