UEFA İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.
 
Matc.az xəbər verir ki, London təmsilçisinin portuqal çalışdırıcısı bir oyunluq diskvalifikasiya olunub.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Cəzaya Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Antverpen"lə matçın fasiləsində Mourinyonun komandanı meydana gec buraxması səbəb olub. UEFA-nın İntizam Komitəsi bu matçda ikinci hissənin gec başlamasına görə klubu 25 min avro cərimə edibsə, Mourinyonu 1 oyunluq turnirdən uzaqlaşdırıb. Lakin 57 yaşlı mütəxəssisin cəzası bir il sonra qüvvəyə minəcək. Bu üzdən də o, "Ludoqorets"ə qarşı keçiriləcək növbəti oyunda komandasına rəhbərlik edə biləcək.
 
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının J qrupunda 3 matçdan sonra 6 xalla 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest