25 Noyabr 2020, 18:04
AVROPA LİQASI
Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza çalımbay Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Turnirə yaxşı başlamışıq. 3 matça çıxmışıq. Bütün oyunlarda qol vurduq. İsrail "Makkabi"si (Təl-Əviv) ilə görüşdə sıxıntılarımız var idi. "Vilyarreal"a qarşı da yaxşı çıxış etmişdik. "Qarabağ"a qarşı sabahkı matç bizim üçün finala bərabərdir. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq".
çalımbayın sözlərinə görə, koronavirusa yoluxma səbəbindən heyətdə 14-15 sağlam futbolçu qalıb: "Buna baxmayaraq oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. ötən turda "Qarabağ"la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram".
çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbə barədə bunları söyləyib: "Onlar nə qədər xoşbəxtsə, biz də o qədər xoşbəxtik. Matç dostluq oyunu kimi gerçəkləşəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm".
Qeyd edək ki, sabah İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək. Bu komandalar arasında Sivasda keçirilmiş ilk oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.