Futbol üzrə Azərbaycan millisinin və "Sumqayıt"ın hücumçusu Əli Qurbani ölkəmizdəki durumundan danışıb.
 
Matc.az xəbər verir ki, o, İran mətbuatına açıqlamasında Azərbaycan futbolundakı ümumi vəziyyət barədə də fikirlərini bölüşüb:
 
"Azərbaycana gələnə qədər bu ölkənin futbolu barədə heç nə bilmirdim. Amma "Sumqayıt"a keçdikdən sonra ölkəyə və onun futboluna baxışım dəyişdi. Azərbaycan Premyer Liqasında çıxış edən klublar bizim bir çox komandamızdan daha yaxşı şəraitə malikdir. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Amma Azərbaycan klubları çempionlar Liqası və Avropa Liqasında oynayırlar. İranda komanda tapa bilməyən oyunçuların məcburiyyətdən bu çempionata gəlməsi fikri yanlışdır".
 
30 yaşlı forvard ötən yay ciddi təkliflər aldığını söyləyib: "Sepahan"la 1 illik müqaviləm var idi. Komandada qala bilərdim. Eyni zamanda, yerli komandalardan konkret təkliflər də almışdım. Amma mən özümü daha yaxşı göstərmək üçün dəyişiklik etmək qərarına gəldim. "Sepahan"la sözləşməmdə belə bir bənd var idi ki, müqaviləni yalnız ölkə xaricindən təklif gələcəyi halda poza bilərəm".
 
"Sumqayıt"ın mövsümün ilk yarısındakı çıxışını dəyərləndirən təcrübəli oyunçu son oyunlardakı uğursuzluğu öz zədəsi ilə əlaqələndirib: "Dizimdən zədə alanadək komanda yaxşı formada idi. Turnir cədvəlinin zirvəsində qəraraşmışdıq. Hər şey əla gedirdi. Təəssüf ki, zədədən sonra 4-5 matçda uğurlu nəticə qazana bilmədik. Hazırda 4-cü sırada yer alırıq".
 
Qurbaninin sözlərinə görə, Premyer Liqa futbolçunun özünü göstərməsi baxımından yaxşı çempionatdır: "Bu liqanı izləyirlər. Burada özünü göstərmək imkanın daha genişdir. Futbolçu yaxşı səviyyədə çıxış edirsə, ona daha iddialı klublardan təkliflər gəlir. Açığı, İrana qayıtmaq barədə düşünmürəm. ümid edirəm ki, növbəti mövsümdən daha prestijli liqada və güclü komandada çıxış etmək üçün yayadək yaxşı oynayıb, qollarımın sayını artıracağam. Bilirsiniz ki, Slovakiya çempionatında da oynamışam. Hətta Avropa Liqasında fərqlənmişəm. Hədəfim daha iddialı komandaya keçməkdir".
 
Futbolçu "Zamanı geri qaytarmaq mümkün olsaydı, Azərbaycan millisində oynamaq təklifini qəbul edərdiniz" sualına isə cavab vermək istəməyib: "Bağışlayın, bu barədə danışa bilmərəm".
 
Qeyd edək ki, 2020/21 mövsümünün əvvəlindən "Sumqayıt"da çıxış edən Əli Qurbani Premyer Liqada 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest