Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya, Azərbaycan və Lüksemburqla qarşılaşacaq Portuqaliya yığmasının heyətində dəyişiklik edilib.
 
Matc.az xəbər verir ki, baş məşqçi Fernando Santos zədəli olan Rui Patrisionu heyətdən çıxarıb.
 
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb. İngiltərənin "Vulverhempton" klubunda çıxış edən 33 yaşlı qolkiper Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutan "Liverpul"la ev oyununda (0:1) ağır zədə alsa da, milliyə dəvət olunmuşdu. Lakin onun qarşıdakı oyunlarda meydana çıxa bilməyəcəyi müəyyənləşdiyi üçün, heyətdə qalmasına ehtiyac duyulmayıb. Bu üzdən də baş məşqçi Patrisionun əvəzində "Olimpiakos"un qapıçısı Xose Sanı milliyə çağırıb.
 
Portuqaliya yığmasında Pepenin də zədədən əziyyət çəkdiyi bildirilir. Onun qarşıdakı oyunlarda meydana çıxması sual altındadır.
 
Qeyd edək ki, Portuqaliya yığması martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Azərbaycan millisini qəbul edəcək. Bu matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Bundan 3 gün sonra Belqradda Serbiya yığmasının qonağı olacaq Portuqaliya yığmasını martın 30-da Lüksemburqla da səfər oyunu gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest