Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı millimiz Dç-2022-nin seçmə mərhələsi çərçivəsində müsabiqədənkənar formada iştirak edən Qətər yığması ilə qarşılaşıb.
 
UEFA Dç-2022-nin ev sahibi olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.
 
Qətər yığması bu qrupda ilk matçını Lüksemburqa qarşı keçirib və 1:0 hesabıyla qalib gəlib. Millimiz isə həmin gün (24 mart) Portuqaliya ilə səfər oyunundan minimal hesabla məğlub ayrılıb.
 
Təəssüf ki, millimiz Qətərlə oyundan da məğlub ayrılıb. Hesabı futbolçularımız açsa da, ikinci hissədə iki qol buraxan komandamız meydanı məğlubiyyətlə tərk edib.
 
Qətərlə oyun komandamızın tarixində 265-ci qarşılaşma olub. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan millimiz bu oyuna qədər 264 matça çıxmışdı. Hesabında 50 qələbə və 73 heç-heçə olan Azərbaycan millisi 141 dəfə uduzmuşdu. Əvvəlki 264 qarşılaşmada 194 qol vuran futbolçularımız 437 top buraxmışdı.
 
Dç-2022-nin seçmə mərhələsi
A qrupu
27 mart
 
Qətər – Azərbaycan 2:1
Qol: H.Əl-Haydos, 55-pen; 58 - R.Şeydayev, 16-pen.
Macarıstan. Debretsen. "Nadyerdei" stadionu. Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hançko, Peter Kraloviç (hamısı Slovakiya).
 
Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaaeldin, 10. Hassan Əl-Haydos (k), 15. Bassam Hisham Əl-Ravi, 16. Bualem Xuxi, 18. Homam Elamin, 19. Ali Almoez, 20. Abdullah Abdulsalam, 23. Al Haj Madibo.
Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatim, 8. Tameem Hatem, 9. Moayed Hassan Fedaili, 10. Mosaab Xoder, 11. Mohammed Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hajri, 17. İsmail Məhəmməd.
Baş məşqçi: Feliks Sançes.
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşqın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 22. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 3. Amil Seydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namiq Ələsgərov.
Baş məşqçi: Canni De Byazi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest