Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Dç-2022-nin seçmə mərhələ oyununu idarə edib.
 
Matc.az xəbər verir ki, həmyerlimiz Herninq şəhərindəki "Herninq Arena"da keçirilən Danimarka – Moldova qarşılaşmasında iş başında olub.
 
Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.
 
Oyuna gəlincə, Danimarka yığması bu oyunda 8:0 hesablı qələbəyə sevinib. Meydan sahibləri bu qollardan birincisini 19-cu dəqiqədə məhz Ağayevin təyin etdiyi penaltidən dəqiq yararlanmaqla vurublar. FİFA referisi yeganə sarı vərəqəni də 18-ci dəqiqədə penaltiyə səbəb olan qonaq futbolçuya göstərib. 
 
Yeri gəlmişkən, Əliyarın təyin etdiyi penalti qonaqlar tərəfindən kəskin narazılıqla qarşılanıb. Lakin həmyerlimiz qərarında qəti olub və fikrini dəyişməyib.
 
Moldova yığmasının qapısını bu oyunda "Keşlə"nin qapıçısı Stanislav Namaşko qoruyub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Sonda onu da xatırladaq ki, Moldova yığmasını "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest