10 Aprel 2021, 21:24
DÖYÜŞ NÖVLƏRİ
Bolqarıstanın paytaxtı Sofiyada böyüklər arasında keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir.
Matc.az xəbər verir ki, üçüncü yarış günündə daha üç idmançımız dayanq üzərinə çıxıb.
Ayxan Tağızadə (74 kq) ilk rəqibi Athman Bouthouyaka (Fransa) 9:7 hesabı ilə qalib gəlib. Ardından o, uunanıstanlı Stavros Tsipunisi də 7:0 məğlub edib. Lakin yarımfinala vəsiqə uğrunda ispaniyalı Daniel Quesada ilə görüş idmançımız üçün uğursuz alınıb.
Fəridə Əzizova (67 kq) startda İsveç təmsilçisi Elin Yohanssonu 7:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb. Lakin növbəti rəqib - ingilis idmançı Lauren Uilyams Fəridə üçün keçilməz olub.
Millimizin liderlərindən biri, son Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, birinci Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı, Universiadanın qalibi, ikiqat dünya və birqat avropa çempionu Milad Beigi Hərçəqani isə bu yarışı gümüş medlla başa vurub. 80 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz öncə israilli Aleksandr Filippova (25:2), ardından almaniyalı Tahir Gülecə (24:1), yarımfinalda isə ispaniyalı Raul Martinesə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Miladın qızıl medal uğrunda rəqibi rusiyalı Maksim Kramtçov olub. Gərgin keçən döyüşdə idmançımız üç raund üstün olsa da, son anda görüş bərabərə bitib - 12:12. Yekunda rəqib qızıl xalla qalib gəlib və Azərbaycan idmançısı qitə birinciliyindən gümüş medalla ayrılıb.
Qeyd edək ki, Dünya Taekvondo Federasiyasının Olimpiya reytiq cədvəlində Maksim Kramtçov ilk pillədə, Milad Hərçəqani isə ikinci pilləyə sahibdir. Hər iki idmançı artıq növbəti Yay Olimpiya Oyunlarına lisenziyalarını təmin ediblər.
Bu, komandamızın qitə çempionatında ikinci medalıdır. İlk yarış günündə qadınlar arasında 46 kq çəki dərəcəsində Minayə Əkbərova da bürünc medala sahib olmuşdu.
Sabah yarışın son günüdür. Millimizin üzvlərindən Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq yuxarı) də medallar uğrunda mübarizə aparacaqlar.