Fransanın prezidenti Emmanuel Makron Avropa Super Liqasının yaradılmasına qarşı çıxıb.
 
Matc.az xəbər verir ki, bununla bağlı prezidentin mətbuat xidməti açıqlama yayıb.
 
Makron Super Liqanın yaradılmasına qarşı çıxaraq, UEFA və FİFA-nın atacağı bütün addımları dəstəkləyəcəyini bildirib:
 
“Prezident, Fransa klublarının birlik və idman ləyaqəti prinsiplərini təhdid edən bu Super Liqada iştirakdan imtina edən klubların mövqeyini dəstəkləyir. Fransa hökuməti, Fransa Futbol Federasiyası UEFA və FİFA-nın atacağı bütün addımları dəstəkləyəcək”.
 
Böyük Britaniyanın baş naziri Boris Conson da nəhəng futbol klublarının Avropa Super Liqası yaratması planlarını tənqid edib. O, yarışın daxili çempionatlara və ölkədəki azarkeşlərə təsir edəcəyini bildirib. Consonun sözlərinə görə, Super Liqa planı futbol üçün dağıdıcı ola bilər:
 
"Biz UEFA və FIFA-nı, onların atacaqları addımları dəstəkləyirik. Bu, milli çempionatların ürəyinə zərbə endirəcək və ölkədəki bütün fanatlara toxunacaq. Cəlb olunmuş klublar gələcək addımlara qərar verməzdən əvvəl azarkeşlərinə və daha geniş futbol ictimaiyyətinə cavab verməlidir".
 
Qeyd edək ki, Avropanın 12 klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klubları iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest