Futbol mövsümü kulminasiya nöqtəsinə yaxınlaşıb. Açıq etiraf etmək lazımdır ki, hətta ən sadiq azarkeşlərin də ciddi marağına səbəb olmayan ölkə kuboku və çempionatına indi baxmağa dəyər.

Belə görünür ki, çempionluq uğrunda  "Qarabağ" - "Neftçi" savaşı son turda bu klubların öz aralarında keçirəcəyi üzbəüz qarşılaşmada bitəcək. Əgər proqnozum gerçəkləşsə, könül istərdi ki, bu matç Bakı Olimpiya Stadionunda 50 faiz azarkeş buraxılmaqla keçirilsin. Bu həm AVRO-2020-nin BOS-dakı oyunları öncəsi arena üçün sınaq olardı, həm də Azərbaycan çempionatı nə qədər ölüvay olsa da, "Neftçi" və "Qarabağ" azarkeşləri bu turnirə hər zaman rəng qatıb - onların da pandemiya başlayandan yığılıb qalan enerjisini püskürtmələrinə şərait yaranardı.

"Sumqayıt" və "Keşlə"nin kubokda finaldakı oyununa da azarkeşlər buraxılsa, düşünmürəm ki, bu koronavirusa yoluxanların sayının artmasına səbəb ola. İlk növbədə də ona görə ki, keşləlilərin azarkeşlərinin sayı təxminən Azərbaycan Premyer Liqasındakı futbol klublarının sayı qədərdi.

Amma "Keşlə" azarkeşlərinin çoxluğu ilə öyünə bilməsə də, mübarizliyi və döyüşkənliyi ilə fəxr edə bilər. Kubok yarımfinalının ilk görüşündə evdə 1:2 hesabı ilə məğlub olan və cavab oyununda Zirədə də şansız bir şəkildə qapısında qol görən Sənan Qurbanovun yetirmələri yalnız bundan sonra qış yuxusundan ayıldı.

"Keşlə"nin fantastik geridönüşündə və finala yüksəlməsində het-trik edən Sezar Meza Kolli ilə yanaşı, qapıçı Stanislav Namaşkonun əməyini də xüsusi qeyd etmək lazımdı. Cütün taleyini həll edən epizod isə hakim Elçin Məsiyevin təyin etdiyi penalti idi. Bu qərara futbolsevərlər və futbol mütəxəssisləri müxtəlif fikirlər söyləyir. Epizodun təkrarlarını diqqətlə izlədim. Məncə, normalda belə epizoda görə penalti verilməməlidi. Amma laynsman olan tərəfdən videotəkrara baxanda, qolunu sərt şəkildə irəli aparan müdadiəçinin hücumçuya zərbə endirdiyi təəssüratı yaranır. Digər rakurslardan baxanda isə hücumçunu yıxacaq qədər güclü kontaktın olmadığı görünür. Yəni bu görüntülərə görə birmənalı fikir yürütmək olmur. Amma yuxarıda qeyd etdiyim kimi, laynsmen olan tərəfdən penaltinin olduğu göründüyündən və baş hakim Elçin Məsiyev məhz həmin laynsmenlə məsləhətləşdikdən sonra qərar verdiyindən hakimlər briqadasını qərəzli qərar verməkdə qınamaq düz deyil. Bir daha deyirəm, videotəkrarlardan görə biləcəyimiz qədər mənə görə bu penalti səhv qərar idi. Amma qərəz deyildi. Səbəbini də yuxarıda izah etdim.

İstənilən halda, Rəşad Sadıqova "keçmiş olsun" deyirəm. Rəşad artıq yaxşı məşqçidi və gələcəkdə futbolçu karyerasındakı kimi burda da ölkədə 1 nömrə olacaq.

Nəhayət, yarımfinalın ən böyük sensasiyası "Sumqayıt" haqda. "Gənclik şəhəri"nin təmsilçilərinin "Qarabağ"ı keçəcəyinə yəqib ki, heç kim inanmırdı. Amma Ayxan Abbasovun yetirmələri inanılmazı gerçəkləşdirdi. Riad Rəfiyevin prezident postuna gəlişindən sonra klubun fəaliyyətində yaşanan canlanma yalançı iş görüntüsü yaradan PR deyildi. Rəfiyev ağıllı və bacarıqlı rəhbər olduğunu sübut edə-edə gəlir. Sumqayıt kimi futbolçu konveyeri olmuş bir şəhərin tarixində qazanmadığı uğurlar Riad bəyin prezidentliyi dövrünə düşür. Bu da təsadüfi deyil. Son 3 ildə "Sumqayıt"dakı doğru işləri və inkişafı görməmək üçün qərəzli olmalısan.

Klub hərtərəfli yaxşı komplektləşib. İstər rəhbərlik, istər məşçi heyəti, istər futbolçular həm işləri, həm də bir yumruq olub hədəfə vurmağı bacarmaqları ilə ardıcıl ikinci dəfə kubok finalını haqq etdilər. Bu "Sumqayıt"ın yeni mövsümdə avrokuboklarda da uğurlu nəticə göstərmək potensialı görünür.

Bütün bunlar isə hansısa sehrli çubuğun sayəsində olmayıb. "Sumqayıt"ın uğurlu qrafikinin "günahkar"ı Riad Rəfiyevdir. Və heç kimin xətrinə dəyməmək, hamıya olan sayğımı qorumaqla deməliyəm ki,  mənə görə Rəfiyev hazırda Azərbaycanda ən yaxşı, ən bacarıqlı, müasir futboldan, futboldakı inkişaf tendensiyalarında ən çox xəbəri olan klub prezidentidi. Burda genetik fakt da var. Riadın atası mərhum Rasim Rəfiyev Azərbaycan futbolunda unudulmaz iz buraxmış xeyriyyəçilərdən, rəhbərlərdən olub. Müstəqilliyimizin ilk illərində Rasim müəllimin istər milli komandamıza, istər "Neftçi"yə, istərsə də ümumilikdə futbolumuza və futbolçulara şəxsi vəsaiti ilə olduqca böyük dəstək verdiyi heç kimə sirr deyil. Riad bəyin Azərbaycan futbolundakı uğurları yəqin ki, indi Rasim müəllimin də ruhunu şad edir.

Mayın 24-ü Azərbaycan kubokunun finalında kifayət qədər maraqlı qarşılaşma izləcəyimiz şübhəsizdi. çünki, "Keşlə"nin prezidenti Zaur Axundov da kifayət qədər iddialı biridi. Amma mən finalın favoriti kimi "Sumqayıt"ı görürəm.

Əsl sezon finalı isə əgər çempionluğun taleyi son turda həll edilsə, "Neftçi" və "Qarabağ" arasında olacaq. İş o yerə çatsa və ağdamlılar son turacan çempionluğunu rəsmiləşdirməsə, məncə son turda "Neftçi" qələbə və bununla da çempionluğu qazanacaq.

Amma nəticələrdən və proqnozlardan asılı olmayaraq bir şey dəqiqdir ki, bizi çox maraqlı finiş gözləyir. Heyf ki, futbol azarkeşləri bu oyunları tribunadan izləmək imkanından məhrumdurlar...

Anar ŞABANOÄžLU
Xüsusi olaraq matc.az üçün

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest