ötən gün Almaniya çempionu "Bavariya"dan ayrılan Duqlas Kosta müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıtmayacaq. Matc.az xəbər verir ki, İtaliya klubu 30 yaşlı futbolçusunu yenidən icarəyə verib.
 
Braziliyalı yarımmüdafiəçi karyerasını ölkəsinin "Qremio" klubunda davam etdirəcək. Bu barədə sözügedən klubların rəsmi saytları məlumat yayıb. Duqlas "Qremio" ilə də bir illik icarə müqaviləsinə imza atıb. Turin təmsilçisi bu transferdən gəlir qazanmayacaq. Bir sözlə, "Qremio" sadəcə futbolçunun maaşını qarşılayacaq.
 
Qeyd edək ki, Duqlas Kosta 2020/21 mövsümünün əvvəlində "Yuventus"dan icarə əsasında "Bavariya"ya keçmişdi. O, bu mövsüm Münhen təmsilçisinin heyətində bütün turnirlər çərçivəsində 20 matçda meydana çıxıb, 1 qolla yadda qalıb. Braziliyalı yarımmüdafiəçi 2015-2017-ci illər aralığında da "Bavariya"da oynayıb.
 
"Qremio" Duqlas üçün tanış klubdur. çünki o, məhz bu klubun yetirməsidir. Kosta 2010-cu ildə Donetsk "Şaxtyor"u tərəfindən transfer olunaraq Avropa futboluna gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest