"Bu komandamızın son üç ildə ikinci kubokudur. Mən də sevinirəm. çempionatda uğurlu çıxış edə bilməyərək, 6-cı yeri tutsaq da, mövsümü titulla başa vurmağı bacardıq". Matc.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin Muşahidə Şurasının sədri Zaur Axundov "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
Funksioner kuboku qazandıqları üçün böyük sevinc hissi keçirdiklərini bildirib: "Bu gün sevinib, sabahdan avrokubokların hazırlıqlarına başlayacağıq".
 
Axundov növbəti mövsüm UEFA Konfrans Liqasında uğurla çıxış etməyə çalışacaqlarını söyləyib: "İstəyirik ki, ötən illə müqayisədə daha yaxşı nəticə göstərək".
 
Klub rəsmisi baş məşqçi Sənan Qurbanovun taleyinin kubokdan asılı olmadığını sözlərinə əlavə edib: "Biz Sənan Qurbanovla anlaşmışdıq. Müşahidə Şurası qərara gəldi ki, gələn mövsüm də onunla davam edək. Təbii ki, kuboku götürməklə öz yerini bərkitdi".
 
Müşahidə Şurasının sədri avrokuboklarda uğur əldə etmək üçün heyətdə çox ciddi dəyişikliyin olacağını deyib: "Belə dəyişikliklər olacaq. Siz də onu görəcəksiniz. Bugünkü sevincimiz bitəndən sonra, sabah və ya növbəti gün məşqçilər korpusu ilə danışacağıq. Onlar hesabat verəcəklər. Ardınca növbəti il necə çıxış edəcəyimizə qərar verəcəyik".
 
Axundov mövsümün əvvəlində komandadan ayrılan oyunçuların avrokuboklarda uğur qazanmaq üçün paytaxt təmsilçisinə cəlb edildiyini xatırladıb: "Təəssüflər olsun ki, uğursuz çıxış etdik və birinci mərhələdə mübarizəni dayandırdıq. Amma bu il daha uğurlu olmaq üçün çalışacağıq".
 
Funksioner Sezar Meza Kollinin "Neftçi"yə mümkün keçidi haqqında isə bunları söyləyib: "O barədə bilmirəm. Hələ mənimlə heç kim danışmayıb. Məşqçilər korpusu ilə danışacağıq. Sezar dəyərli və bizə lazım olan futbolçudur. Amma qərar məşqçilər korpusundur. O, hələ komandadan ayrılmayıb. Mayın 31-dək bizimlə müqaviləsi var". report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest