"Hər oyuna olduğu kimi sabahkı oyuna da ciddi şəkildə hazırlaşırıq. Türkiyə millisi bizə yad komanda deyil. Qardaş ölkənin komandasına qarşı oynayacağıq"

Futbol üzrə Azərbaycan millisinin üzvləri Emil Balayev, Elvin Camalov və Ramil Şeydayev sabah Türkiyə yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüblər. Matc.az xəbər verir ki, onlar Türkiyənin Alanya şəhərində keçiriləcək oyunla bağlı AFFA-nın rəsmi saytına bunları söyləyiblər:
 
Emil Balayev: "Biz bu oyuna dostluq yox, qardaşlıq oyunu kimi baxırıq. Türkiyə millisinin son oyunlarda nümayiş etdirdiyi futbol göz önündədir. Niderland, Norveç kimi güclü komandaları məğlub ediblər. Futbolsevərləri maraqlı oyun gözləyir. Türkiyə Avropa çempionatının final mərhələsinə hazırlaşdığından bu oyuna diqqət çox olacaq. Biz futbolçular da çalışacağıq ki, maksimum bacarığımızı nümayiş etdirək".
 
Elvin Camalov: "Hər oyuna olduğu kimi sabahkı oyuna da ciddi şəkildə hazırlaşırıq. Türkiyə millisi bizə yad komanda deyil. Qardaş ölkənin komandasına qarşı oynayacağıq. Bizim üçün beynəlxalq oyun təcrübəmizi artırmaq baxımından vacib oyundur. Bu qarşılaşma Türkiyə millisinin Avropa çempionatının oyunlarına yaxşı hazırlaşmaq baxımından əhəmiyyət kəsb edir. Oyuna yaxşı köklənmişik. Hansı komandanın qalib gəlməsi o qədər də əhəmiyyət kəsb etmir. Əsas odur ki, dostluq, qardaşlıq qələbə qazanacaq".
 
Ramil Şeydayev: "Hamı bilir ki, Türkiyə güclü rəqibdir. Dç-nin seçmə mərhələsində əldə etdikləri nəticələr hər şeyi deyir. Onlar Avropa çempionatına hazırlaşırlar. Məncə, oyun çox maraqlı alınacaq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Komanda olaraq bu oyun hazırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest