İspaniya La Liqasının XIII turunda keçirilən "Eybar" - "Real" oyunu ilə bağlı şok görüntü yayılıb. Matç.az saytı xəbər verir ki, "kral klubu"nun yaydığı video İspaniyada səs-küyə səbəb olub.
Madridlilər səfərdə məğlub olduğu (0:3) qarşılaşmada videotəkrara baxan referilərin onların yenilgisinə sevindiyini bildiriblər. Klub rəhbərliyi VAR-a baxan hakimlərin hərəkətlərinin olduğu görüntünü yayıb. Həmin videoda "Eybar"ın qolundan sonra VAR hakimi Manuel Monteronun sevincini yanındakı həmkarları ilə bölüşdüyü görünür.
"Real" rəhbərliyinin bu videonu yayması təsadüfi deyil. Məsələ burasındadı ki, Montero XVIII turda "Real" - "Real Sosyedad" (0:2) görüşündə də eyni vəzifəni icra edib. Həmin matçda isə VAR sistemi olmasına baxmayaraq, "Real"ın iki penaltisi verilməyib. Klub rəhbərliyi Manuel Monteronun onlara qarşı qərəzli olduğunu iddia edərək, İspaniya Futbol Federasiyasına bununla bağlı şikayət ünvanlayıb.
Qeyd edək ki, "Real" 18 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.