"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi 2026-cı il idman sahəsində Asturiya şahzadəsi mükafatını almaq üçün gələn həftə müvəqqəti olaraq klubun düşərgəsini tərk edərək İspaniyaya yollanacaq.
Matc.az xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.
Bildirilir ki, sözügedən mükafat futbolçuya iyun ayında layiq görülüb. Münsiflər heyəti Messinin görkəmli idman karyerasını, həmçinin çətin vəziyyətdə olan uşaqların təhsil və tibbi xidmətlərə çıxışını təmin etməyə yönəlmiş xeyriyyəçilik fəaliyyətini xüsusi qeyd edib. Mükafatlandırma mərasimi oktyabrın 22-də İspaniyanın Oviedo şəhərində baş tutacaq.
Qeyd edək ki, "İnter Mayami" oktyabrın 24-də MLS-in müntəzəm çempionatında "Nyu-York Red Bullz"a qarşı səfər matçına çıxacaq. Məşqçilər heyəti Messinin həmin vaxtadək geri qayıdacağını və oyunda iştirak edəcəyini gözləyir. Asturiya Şahzadəsi mükafatı ədəbiyyat, sosial elmlər, elmi-texniki tədqiqatlar, beynəlxalq əməkdaşlıq və idman kimi sahələrdə görkəmli nailiyyətlərə görə şəxslərə və təşkilatlara verilir.













