Fransanın "Renn" klubunun kapitanı Damyen Da Silva sözügedən komandadan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
2018-ci ildən bu komandanın uğurları üçün çalışan 33 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti başa çatıb. Nəticədə o, "Renn"dən ayrılmağa qərar verib. Fransalı futbolçu bu komandanın heyətində meydana çıxdığı 118 oyunda 8 qolla yadda qalıb.
 
Damyen Da Silvanın yeni klubu da məlumdur. Belə ki, təcrübəli futbolçu Lion "Olimpik"inə transfer olunub. Bu barədə onun yeni klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
 
"Renn" yarımmüdafiəçisi Kleman Qrenye ilə də yollarını ayırıb. 30 yaşlı fransız 2019-cu ildən bu komandanın uğurları üçün çalışırdı. Onun da klubla müqaviləsinin müddəti bitdiyi üçün ayrılmağa qərar verib. Qrenye "Renn"in heyətində meydana çıxdığı 93 matçda 9 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Damyen Da Silvadan fərqli olaraq, Qrenyenin karyerasını hansı komandada davam etdirəcəyi hələ bilinmir.
 
Qeyd edək ki, "Renn" Liqa 1-də geridə qalan mövsümü 58 xalla 6-cı pillədə başa vurub və Avropa Konfrans Liqasına vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest