UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstanda yerli "Olimpiakos"la Azərbaycan çempionu "Neftçi" arasında baş tutacaq ilk oyun üçün biletlər iyulun 19-da satışa  çıxarılacaq. Matc.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı məlumat yayıb.
 
Biletlər həm onlayn qaydada, həm də oyunun keçiriləcəyi "Georgios Karaiskakis" stadionunun kassalarında satılacaq. Qiymətlər 15 avro - 250 avro arasında dəyişir.
 
Azarkeşlər bilet almaq üçün mütləq COVID-19 vaksini ilə bağlı sertifikat təqdim etməlidir. Arenaya giriş zamanı sıxlıq yaranmaması üçün qapılar matçın startından 3 saat əvvəl açılacaq. 12-15 yaşlı uşaqların stadiona girişi üçün PCR testi tələb olunacaq. Azarkeşlər mütləq tibbi maskadan istifadə etməlidir.
 
Qeyd edək ki, iyulun 21-də oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. "Olimpiakos"un stadionunun ümumi azarkeş tutumu 32 115 nəfərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest