"Neftçi" və "Sumqayıt"dan sonra "Qarabağ"la "Keşlə" də avrokubok mövsümünə start verdi . Matc.az saytı xəbər verir ki, ardıcıl 7 il çempionlar Liqasının təsnifat mərhələlərində mübarizə aparan "Qarabağ" bu dəfə yeni yaradılan Konfrans Liqasında gücünü sınamalı idi.

Təsnifat mərhələlərinin ən reytinqli komandalarından olan Ağdam təmsilçisinin II raunddakı rəqibi İsrail klubu "Aşdod" idi. "Qarabağ"dan fərqli, "Aşdod" avrokubokların təcrübəsiz komandasıdı. Təsadüfi deyil ki, İsrail çempionatında ötən mövsüm 3-cü yeri tutan aşdodlular buna qədər yalnız 2005-06 mövsümündə UEFA Kubokunda "Domjale" ilə qarşılaşmışdı. Həmin vaxt hər iki görüşdə heç-heçə etməsinə baxmayaraq, səfər qolu amili israillilərin mərhələ adlamasına mane olmuşdu. "Qarabağ" isə Tofiq Bəhramov adına Respublika Stadionuna "Aşdod"a Avropa arenasında ilk məğlubiyyət acısını yaşatmaq üçün çıxmışdı.

Digər komandalarımız kimi, "Qarabağ" da avrokuboklara idealdan uzaq durumda başlayırdı. Komanda yay fasiləsində istədiyi transferləri hələ də həyata keçirə bilməyib. Yalnız Kadi Borqes, Marko Veşoviç və Ramil Şeydayev transfer olunub ki, onlardan da ilk ikisi ehtiyatda oturmuşdu. Şeydayev isə "Legiya"ya keçən Ramil Şeydayevin boşluğunu doldurmalı idi.

Oyunöncəsi Qurban Qurbanovu ən çox narahat edən məqam transferlərdən çox heyətdəki futbolçuların tam şəkildə əlinin altında olmaması idi. Xüsusən də, müdafiə xəttindəki "4-lük" problemləri açıq-aşkar göstərirdi. Bədavi Hüseynovun yoxluğunda kapitan Maksim Medvedev mərkəzdə Kevin Medina ilə cütlük təşkil etmişdi. Daha bir müdafiəçi Elvin Cəfərquliyevin də zədəli olması məşqçilər korpusunu daha da çıxılmaz duruma salmışdı. Məcburiyyətdən Toral Bayramov sol cinah müdafiəçisi funksiyasını icra edirdi. Görünür, Veşoviç hələ də hazır deyil. 4-2-3-1 sistemi ilə meydana çıxan "Qarabağ"ın orta və ön xətti ilə bağlı hər hansı sıxıntısı yox idi. ötən mövsümlə müqayisədə yeganə fərq hücumun sivri ucunda Emrelinin yox, Şeydayevin olması idi.

"Qarabağ" adəti üzrə həmişə təsnifat mərhələlərinə yaxşı başlamır, oyundan-oyuna formaya düşür. İlk rəqibin "Aşdod" olmasını da bu baxımdan əlverişli saymaq olar.

Dünənki matça da sürətli başlayan tərəf gözlənildiyi kimi, Azərbaycan klubu oldu. Ağdamlılar erkən qol vurmaq üçün ilk dəqiqələrdən hücuma atıldı. çünki bu cür rəqiblərlə dueldə çətini ilk topu vurmaqdı. Qurbanovun yetirmələri də "Aşdod"u tez "sındırmaq" istəyirdi. Ancaq İsrail təmsilçisi asan yem olmadığını göstərməyi bacardı. Ran Ben Şimonun kollektivinin əks-hücum cəhdləri isə qapıçıya çatmamış dayandırılırdı. Dəqiqələr keçdikcə "Qarabağ" topa nəzarəti tamamilə ələ keçirdi. İrəlidəki "dördlük" durmadan pressinq edərək, "Aşdod"un müdafiədən çıxmasına imkan vermirdi. Hətta tez-tez orta sahədə top itkiləri ilə təmsilçimizə şərait də yaradırdılar. Ancaq yarımmüdafiəçilərdən fərqli olaraq, "Aşdod"un müdafiə xətti etibarlı və səhvsiz çıxış edirdi. Bu da "Qarabağ" futbolçularını müxtəlif variantlar axtarışına vadar edirdi. Komandamızın nə mərkəzdən, nə də cinahlardan həmlələri bir nəticə verirdi. Abdullah Zubir bəzən sol cinahdan fərdi ustalığı sayəsində uğurlu driblinq etsə də, son ötürməni kor-koranə verirdi ki, rəqib müdafiəçiləri bunun da qarşısını alırdılar.

Ağdam klubunun hücumda kəsərli olmasına mane olan səbəblərdən biri də meydançanın durumu idi. AVRO-2020 zamanı Uels yığmasının hazırlıq meydançasına çevrilən ot örtüyü nəinki oyun keçirmək, hətta məşq etməyə də yaramırdı. Bu da təbii ki, "Qarabağ" kimi yaradıcı oyuna üstünlük verən komandaların əleyhinə olan amildi.

İkinci hissə də eyni ssenaridə başladı. "Qarabağ" bu dəfə təzyiqi daha da artırdı. Ancaq yenə bəzi futbolçuların oyunu üzərinə götürməsi, fərdi reydləri sayəsində rəqib qapısına yaxınlaşmaq mümkün olurdu. 7, bəzən də 8 oyunçu ilə müdafiədən çıxmayan israillilər, demək olar hücum barədə düşünmürdülər. Bunun nəticəsidi ki, rəqib Şahruddin Məhəmmədəliyevin üzünü nadir hallarda görürdü.

Hücuma rəngarənglik qatmaq, yeni nəfəs gətirmək üçün son yarım saatda əvəzləmələr vacib idi. çünki bütünlüklə hücuma atıldığımızdan, irəlidəki oyunçular durmadan hərəkətdə idilər və havanın da isti olmasını nəzərə alsaq, yorulmaları normal idi. Problem ondadı ki, ehtiyatdan meydana daxil olub, hücumu gücləndirəcək futbolçu yox idi. "Aşdod"un çalışdırıcısı ardıcıl əvəzləmələrlə komandasını geridə "diri" tutmağa çalışırdısa, Qurbanovun belə bir imkanı yox idi. Hər halda ehtiyatda elə oyunçular oturmuşdu ki, onları tez oyuna qoşmaq riskli olardı. Elə buna görə də baş məşqçi əvəzləmələrini son 20 dəqiqədə etdi. Əvvəlcə Şeydayev yerini Musa Qurbanlıya verdi. Kadi Borqeslə İsmayıl İbrahimlinin oyuna qoşulması meydançadakı hücumameyilli futbolçuların sayının artmasına səbəb oldu. Belədə matçı o qədər də yaxşı keçirməyən Patrik Andrade dayaq yarımmüdafiəçisi mövqeyinə çəkildi.

Meydanda müdafiəyəmeyilli oyunçu sayının azlığı "Aşdod"un da əks-hücumlara çıxmasına şərait yaratdı. Nadir həmlələrdən biri 82-ci dəqiqədə reallaşdı ki, bu, təmsilçimizə baha başa gəldi. Doğrudu, "Qarabağ" qol buraxmadı, ancaq rəqibi aşkar qol imkanından məhrum edən kapitan Maksim Medvedev qırmızı vərəqə aldı. Ağdamlıların son dəqiqələri azlıqda keçirməsi İsrail klubunun da əl-qolunu açdı. Rəqib oyunda balans yaradaraq, 0:0 hesabını sona qədər qorumağı bacardı.

Beləliklə, "Aşdod" yenə avrokuboklarda heç-heçə etdi, "Qarabağ" isə bu dəfə də Avropa arenasına sönük başladı. Bu cütlükdə artıq hər şey İsrailə qaldı. Ancaq orda komandamızın işi ikiqat ağır olacaq. Birincisi ona görə ki, "Qarabağ" rəqib meydanına çıxacaq. İkincisi isə səfərdə müdafiədə oynatmağa 4 oyunçu tapmaq artıq müşkülə çevrilib. Qurbanov məcburiyyətdən ya Rahil Məmmədovla Marko Veşoviçi meydana buraxmalı olacaq, ya da Qara Qarayevi müdafiəyə çəkəcək. Bunun da hansı effekti verəcəyinə bir həftə sonra aydınlıq gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest