"Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik".

Qəbələ" Misli Premyer Liqasının 9-cu turunda doğma meydanda "Neftçi"yə 0:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, epizodları dəyərləndirə bilmirik. Bu qədər qol vəziyyətləri yaradırıq. Fərdi səhvlərdən qollar buraxırıq. Sanki bir qədər soyuqqanlılıq çatmır və müdafiədə səhvlərə yol veririk. Nə etmək olar? Bu səhvləri aradan qaldırmaq üçün bundan sonra da işləməliyik. Təəssüfləndirici məğlubiyyətdir. Yaratdığımız epizodların 20 faizini qola çevirə bilsəydik, nəticə daha yaxşı ola bilərdi.

- Oyunu iki hissəyə bölmək olar? Abubakar meydana daxil olana qədər və ondan sonrası?
- Başa düşürəm ki, o yetərincə səviyyəli futbolçudur. Amma hazırda ideal formasından uzaqdır. Biz öz oyunumuza baxmalıyıq. Belə futbolçuların gəlişi təbii ki, çempionatın səviyyəsini qaldırır. 

- Hər oyundan sonra rəqib baş məşqçilər "Qəbələ"nin oyun tərzini bəyəndiklərini deyir. Bəs siz özünüz bəyənirsiz?
- Bəli, hamı qeyd edir ki, "Qəbələ" çox yaxşı futbol oynayır. Bunu biz də görürük, siz də görürsüz. Amma əsas olan xaldır. Bizim xalımız azdır. Vacib olan odur ki, xallar qazanaq. Karyeram ərzində heç vaxt liqada qalmaq uğrunda mübarizə aparan komandada işləməmişəm. 8 il Azərbaycanda, 5 ilə Qazaxıstanda işlədiyim klublar daim yüksək yerlər uğrunda mübarizə aparıb. Bu, mənim üçün də çətindir. Klub prezidenti ilə görüşümüz oldu, müzakirə etdik. Təəssüf doğuran odur ki, biz oyun baxımından "Neftçi"dən geri qalmadıq. Onların cəmi iki zərbəsi oldu, ikisi də qolla nəticələndi. Amma bizim nə qədər zərbələrimiz, rəqib qapıçının qurtarışları oldu. Mən I Liqada işləyəndə çoxları təəccüblə qarşıladı. Amma dedim ki, söz vermişəmsə, bu işi görəcəm. İndi də bu sözü vermişəm. Komandanın Premyer Liqada qalması üçün əlimdən gələni edəcəm. Əminəm ki, belə oyunla uğur gələcək. Səbr edəcəm, axıra qədər işimin başında olacam.

- Samir Abasov futbolçu karyerasının ən uğurlu dönəmlərini sizin rəhbərliyiniz altında keçirib. "Neftçi"ni təhlil edərkən sizin oyun sisteminizin təsirini görürsüz?
- Samir Abasova mənim haqda dediyi müsbət sözlərə görə təşəkkür edirəm. Onunla tez-tez görüşürük. Onun yaxşı məşqçi kimi yetişməsinə görə şadam. Samir Abasov çempion olub. Məndən də nəsə götürübsə, buna görə sevinərəm. Yaxşı yerli məşqçilər var. Qurban Qurbanov, Ayxan Abbasov, Rəşad Sadıqov, Elmar Baxşıyevi qeyd edə bilərəm. Biz isə bütün diqqətimizi öz komandamıza yönəltməliyik ki, Premyer Liqada yerimizi qoruyaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest