03 Avqust 2021, 08:34
DÖYÜŞ NÖVLƏRİ
Bu gün Tokio Yay Olimpiya Oyunlarında 3 güləşçimiz mübarizə aparıb. Matc.az xəbər verir ki, onlardan ikisinin medalsız qalması rəsmiləşib. Digəri isə bürünc medal uğrunda qüvvəsini sınayacaq.
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov ötən gün 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) uduzmuşdu. Qırğızıstan idmançısı finala kimi irəlilədiyindən, Hüseynovun bürünc medal qazanmaq şansı yaranmışdı. O, bu gün ilk təsəlliverici görüşdə Lamjed Maafi (Tunis) ilə qarşılaşıb.
Rəqibinə 11:1 hesabı ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, son cəhdində Ermənistan təmsilçisi Karapet çalyanla üz-üzə gələcək.
Qadın sərbəst güləşçimiz Elis Manolova (68 kq) isə 1/8 finalda Blessinq Oborududu (Nigeriya) ilə qarşılaşmış və rəqib vaxtından əvvəl texniki üstünlüklə qələbəni (13:2) təmin etmişdi. Nigeriyalı idmançı finala çıxdığı üçün təmsilçimiz bürünc medallar uğrunda mübarizəyə qoşulub. Manolovanın ilk təsəlliverici görüşdəki rəqibi Meerim Jumanazarova (Qırğızıstan) olub. Bu dəfə tatamidən məğlub ayrılan Elis Olimpiadada medalsız qalıb.
Yunan-Roma güləşindəki digər təmsilçimiz İslam Abbasov (87 kq) ilk görüşünə çıxıb. O 1/8 finalda Daniel Qreqoriç Heçavarriya (Kuba) ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub. Kubalı güləşçi növbəti mərhələdə məğlub olduğundan Abbasovun Olimpiadada medalsız qalması rəsmiləşib.