06 Avqust 2021, 00:23
DÖYÜŞ NÖVLƏRİ
"Kubada 3 qat olimpiya çempionu 40 dollar, Sotomayor burda 2-3 min dollar məvacib alır. Boksda ab-hava çox ağırdı. Federasiya bu işi düzgün idarə edə bilmir"
Tokio 2020-də geridə qoyduğumuz 10 günün nəticələri, təəssüf ki, istədiyimiz kimi deyil. Bir çox iddialı idmançımız turnirlə erkən vidalaşıb. Ən çox güvəndiyimiz idman növlərindən olan boksda da yalnız 1 bürünc medal qazana bildik. Uğursuzluqla bağlı boks yığmamızın sabiq üzvü, Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərovla danışdıq.
- Boksçularımız Olimpiadada çıxışını yekunlaşdırıb. 5 idmançı ilə təmsil olunduğumuz yarışda nəticələr ürəkaçan olmadı…
- Nəticə biabırçılıqdı. Həmçinin hakimlərin boksçularımıza qarşı qərəzli qərarları da göz qabağındadı. Zəif nəticənin əsas səbəbi budu ki, Boks Federasiyasında yalnız öz marağını güdən şəxslər oturub.
- Son illərdə başqa idman növlərində olduğu kimi, boksda da legionerlərin sayı artır. Bu haqda nə fikirləşirsiz?
- Boks Federasiyasında lazımi nizam-intizam yoxdu. Həmişə çıxışlarımda vurğulamışam, bir daha deyirəm, Kəmaləddin Heydərov çox yaxşı insan və siyasətçidi. Boksun inkişafına da yetərincə maddi-mənəvi dəstək göstərir. İşlərinin çoxluğu üzündən bu məsələləri həvalə etdiyi şəxslər isə öz maraqlarına uyğun siyasət yürüdürlər. İstər milliyə cəlb olunan legionerlər, istərsə də baş məşqçilər yerli mütəxəssis və idmançıları boksdan soyudurlar. Götürək Lorenso Sotomayoru. O, ümumiyyətlə, boksumuzun üzqarasıdı. İdmançı kimi də intizamı yoxdu, komandaya hörməti də. Sosial şəbəkələrdə paylaşdıqları da bunun sübutudu. Sotomayorla eyni çəkidə Olimpiadaya lisenziya qazana bilməyən üç çox güclü boksçu tanıyıram. Axı hansısa legionerə görə niyə bizim idmançılar ədalətsizliyə, haqsızlığa məruz qalmalıdı? Kubada 3 qat olimpiya çempionu 40 dollar, Sotomayor burda 2-3 min dollar məvacib alır. Boksda ab-hava çox ağırdı. Federasiya bu işi düzgün idarə edə bilmir. Strategiya başdan-ayağa yanlışdı, onlara yerli idmançıların uğurları maraqlı deyil. Kubadan boksçu gətirmək üçün ayırdıqları maliyyə ilə elə yerli idmançı və məşqçilərimizi ora təlim-məşq toplanışına göndərsinlər.
- Deyirsiz ki, boks millisində baş məşqçi problemi də var?
- Bəli. Hazırkı baş məşqçi Rusiyada regionlarda işləyən biri olub. Təcrübə cəhətdən də heç millimizə uyğun mütəxəssis deyil. Qeyd etdiyim kimi, uğur qazanmaq istəyirlərsə, mütləq yerli məşqçi və idmançılar ilə çalışmaq lazımdı. Azərbaycan boksu uçuruma gedir. Bunun qarşısı alınmalıdı. Federasiyadakılar yalnız öz maraqlarına uyğun hərəkət etməməlidilər. Rio-2016-dan bu yana millidə üç baş məşqçi və heyət dəyişdi. Hansı ki, onların heç biri bizim dildə danışa belə bilmirdilər. Belə olan təqdirdə boksçularımızın nəticəsi hələ çox yaxşıdı. çünki onların üzərində lazımi şəkildə işləmək imkanları da olmadı.
- Sizcə, uğursuz nəticələrdə pandemiyanın da payı varmı?
- Pandemiya dövründə Azərbaycanda idman zalları fəaliyyət göstərmədi. Yumşalmadan sonra da ən gec onlara icazə verildi. Bunun da nəticəyə təsiri oldu.
- Pandemiya tək Azərbaycanda hökm sürmürdü, bütün dünya ölkələri bu problemi yaşadı. Bununla belə, virusun ən çox yayıldığı ölkələrdən uğurlu nəticələr görürük. Bizdə isə cəmi iki bürünc medal var.
- İdmançılarımızın hazırlaşdıqları şəraitlə onlarınkı bir deyil. Bunu da nəzərə almaq lazımdı.
Futbol+