Tokio Yay Olimpiya Oyunlarında Ukraynaya ilk qızıl medal qazandıran Jan Belenyuk 1991-ci ildə, SSRİ-nin dağıldığı ərəfələrdə Kiyevdə dünyaya gəlib. Matç.az xəbər verir ki, onun atası Vensan Ndaqidjimana Ruandadandı. O zaman Ukraynada aviasiya sahəsi üzrə təhsil alırmış. Janın üç yaşı olarkən atası Vensan pilot kimi iştirak etdiyi Ruanda vətəndaş müharibəsində dünyasını dəyişib.
Belenyukun anası ukraynalıdı. O, dərisinin rənginə görə Ukraynada uzun müddət irqçiliyə məruz qalıb. Jan açıqlamalarından birində qeyd edir: "Bir ukraynalıya görə çox qara, ruandalı birinə görə isə çox ağ idim".
O, 9 yaşı olarkən güləşlə məşğul olmağa başlayıb. Bu idman növünü həm də irqçiliklə bağlı hücumlara qarşı özünü qorumaq üçün bir vasitə kimi görürmüş.
Həmin Jan artıq tanınmış idmançıdı. Həmçinin, siyasətçidi. Jan 2019-cu ildə Ukrayna Radasına seçilib. Belenyuk Tokio Yay Olimpiya Oyunlarında 87 kq çəki dərəcəsində qızıl medal qazandı. Ruanda və Ukrayna qarışı olan yunan-Roma güləşçisi Olimpiya çempionluğunu kazak rəqsi olan hopak oynayaraq qeyd etdi.
çin və Azərbaycandan Belenyuka daha yaxşı şərait və maddi şərtlər təklif edilsə də, o, "yox" cavabı verib və öz vətəni - Ukrayna - adına yarışmağı seçib".