"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində "Aberdin"ə qarşı keçirəcəkləri ilk oyundan əvvəl mətbuat konfransı keçirilib. Matc.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları deyib:
 
- çox vacib oyuna çıxırıq. Rəqibin açıqlamalarından görünür ki, çox ümidlidirlər. İstəyirlər ki, qələbə qazansınlar. Bu, özlərinə olan inamlarından irəli gəlir. Biz də özümüzə inanırıq. Hər şey cavab oyununda məlum olacaq. Rəqibin düşündüklərini meydanda etmələrinə icazə verməməliyik. Standart vəziyyətlərdə təhlükəlidirlər. Son vaxtlar futbolçularımız daha istəklidirlər. Sabah meydanda daha çox mübarizə aparmaq lazım olacaq. Səbrli olmalıyıq, rəqibinin boşluqlarından istifadə etməyə çalışmalıyıq.
 
- Rəqibin ən təhlükəli silahı nədir?
- Fiziki cəhətdən güclüdürlər, standart vəziyyətlərdə təhlükəlidirlər. Kifayət qədər təcrübəli futbolçuları var. çox rahat qol vurmağı bacarırlar. Fərdi mübarizə aparmağı sevirlər. çox diqqətli olmalıyıq. Hər epizoddan istifadə etməyi bacarırlar. Onlara qarşı yaxşı mübarizə aparmağa çalışacağıq. İnanıram ki, sabah bunu bacaracağıq.
 
- Meydanın ot örtüyü necədir?
- Yaxşı deyil, topla rəftarda çətinlik çəkəcəyik. Rəqib hava toplarından yaxşı istifadə edir. Amma meydan amili bizim üçün bəhanə olmayacaq.
 
- "Aberdin"in baş məşqçisi Avropaya yeni gəlib və Avropa futbolundan xəbərsizdir. Bu, sizin üçün üstünlük ola bilər? 
- Belə şeyə inanmıram. Avropadan daha çox tanınmış simalar ABŞ-a gedir. "Aberdin"in baş məşqçisi gəncdir və həvəslidir. Hər komandaya qarşı fərqli oyun oynayırlar. Biz hər şeyi təhlil etmişik. Futbolçularımın üzərinə böyük iş düşəcək. Tək mübarizə aparmaq deyil, həm də yaxşı düşünmək lazımdır.
 
- Rəqibin sabah hansı sistemlə oynayacağını düşünürsüz?
- Bilmirəm, deyə bilmərəm. Hansı üslubda oynasalar da, meydanda 11-ə 11 olur. çalışacağıq ki, hücumda olan tərəf biz olaq.
 
- "Aşdod", AEL və "Aberdin". Bunlardan hansı daha maraqlıdır?
- Hər oyunun öz yeri var. Müqayisə etmək çətindir. Hər komanda ciddi rəqib idi. Hərəsinin öz oyun fəsləfəsi var idi. "Aberdin" digərlərdindən güclü də deyil, zəif də deyil. Sabah rəqibi meydanda gördükdən sonra daha dəqiq deyə biləcəm.
 
- Oyunlarda bir qol vura bilməyiniz sizi narahat etmir?
- Təbii ki, çox qol vurmaq istəyirik. Biz əsas nəticəyə oynasaq da, azarkeşlər daha çox qollu oyun gözləyir. Qarşımızdakı rəqibi də nəzərə almalıyıq. Son vaxtlar hər rəqib bizə ciddi yanaşır. Əvvəl bizi ciddiyə almırdılar və meydanda daha rahat olurduq. İndi isə çox ciddiyə alırlar. Bu, təbii ki, xoş bir şeydir. Bizim üçün vacib olan nəticədir. özüm də çox qol vurmağı sevirəm. Belə turnirlərdə qol buraxmamaq çox vacibdir. Buna görə komandamız çox diqqətli olmalıdır.
 
- Sabahkı oyunda qələbəyə söz verə bilərsiz?
- Heç vaxt qələbəyə söz verməmişəm. çünki idmanda heç nəyi bilmək olmur. Komandamın meydanda yaxşı mübarizə aparmasına, istəkli olacağına söz verə bilərəm. Ən yaxşısını etməyə çalışacağıq. Futbolçulara inanır və güvənirəm. Söz verə bilərəm ki, sabah azarkeşlər komandamızın oyununda zövq alacaqlar.
 
- Kadi Borgesi sabah meydanda görə biləcəyik?
- Meydanda olmaq ehtimalı var. Əsas heyətdə də ola bilər, sonradan da meydana çıxması mümkündür. Futbolçular oyundan-oyuna daha yaxşı olacaqlar.
 
- Hücumçu axtarışlarınız hansı mərhələdədir?
- Danışıqlar gedir. Yaxın vaxtda cavab da gələ bilər, vaxt uzana da bilər. Bir neçə futbolçudan cavab gözləyirik. Tək hücuma yox, digər mövqelərə də oyunçu baxırıq.
 
- Necə olur ki, Moldovanın "Şerif" klubuna yaxşı legionerlər gəlir, amma Azərbaycan klublarına yox? 
- Buna cavab vermək çətindir. "Şerif" neçə illərdir legionerə üstünlük verir. Hər il 15-20 legionerləri olur. Bizim də bacarıqlı legionerlərimiz var. Düzdür, indi çempionlar Liqasının pley-offundadırlar. Amma neçə il idi pley-offa yüksələ bilmirdilər. Hər komandada belə anlar olur. Bəlkə də, "Şerif" də indi bu dönəmdədir. Azərbaycana gəlmək istəyən legioner sayı azdır. Bunun səbəbini bilmirəm. çalışırıq ki, legioner gətirək. Heyətlərində çox legioneri olan klublarımız da var. İnanın ki, yaxşı komanda qurmağa çalışacağıq.
 
- Aylton Silvanın yenidən komandaya qayıdışı mümkündür?
- Belə danışığımız olmayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest