"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Kayrat"a (Qazaxıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Kayrat"a (Qazaxıstan) qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Kayrat"la görüş bizim üçün önəmli oyunlardan biridir. Ən vacib olan isə komandamızın bu oyuna tam hazır olmasıdır. Komanda olaraq bu oyuna tam hazırıq. Bizi çətin mübarizə gözləyir. "Kayrat"ı ciddiyə almamağa heç bir səbəbimiz yoxdur. Bu komandanı özümüzə çox ciddi rəqib sayırıq. Buraya uğurlu nəticə üçün gəlmişik. 
 
Qrupumuzun təqvimi bəlli olandan sonra "Kayrat"la səfər oyunundakı havanın belə olacağını təxmin etmişdik. Təxminlərimiz bizi yanıltmadı. Yəni belə hava şəraitinə hazır idik. Bu havanın oyunun tempinə hansısa təsiri ola bilər. Amma bunun bizim istəyimizə və mübarizəmizə heç bir təsirinin olacağını düşünmürəm.
 
Avrokuboklardakı məğlubiyyətsiz oyunlar seriyamıza gəlincə, bu seriyaya görə komanda yoldaşlarıma və baş məşqçimə təşəkkür edirəm. Bunu qoruyub saxlamaq da işimizin bəhrəsidir. Hər zaman doğru olanı etməyə çalışırıq ki, bizə məğlubiyyət gətirməsin. Ona görə də bu prinsipdən əsla vaz keçməyəcəyik. Qələbələrimizin daha çox olmasına çalışacağıq. Amma futbolda hər bir nəticə olur. Əsas odur ki, məğlubiyyətə köklənməmişik. Daim uğur qazanmaq istəyirik".
 
Ağdam klubunda 400-cü oyununu keçirən təcrübəli futbolçu buna görə sevincli olduğunu vurğulayıb: "İndiki rəqəmin az olduğunu hesab edirəm. Daha çox oyun keçirməli, "Qarabağ"ında daha böyük pay sahibi olmalıyam. Bu kluba həm mənəvi, həm də karyera baxımından borclu olduğumu fikirləşirəm. Gücüm çatdığı qədər komandama kömək etməyə çalışacağam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest