Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Qazaxıstanın "Kayrat" komandasına qalib gəlmiş "Qarabağ" komandası vətənə qayıdıb.

Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Qazaxıstanın "Kayrat" komandasına qalib gəlmiş "Qarabağ" komandası vətənə qayıdıb. Matc.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında komandanın futbolçuları və məşqçi heyətini futbol ictimaiyyətinin nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlama verib. 29 yaşlı yarımmüdafiəçi bu oyundan vacib qələbə ilə ayrıldıqlarını bildirib:
 
"öncə bütün azarkeşlərimizi, xalqımızı, millətimizi təbrik edirik. Həqiqətən də idman tariximizdə ilk dəfə ən azı pley-off mərhələsinə vəsiqəni təmin etdik. Oyuna ciddi hazırlaşmışdıq. Konfrans Liqasında mübarizəyə başladıqdan sonra hədəfimiz daha yaxşı oynayaraq, daha çox xal qazanmaqdan ibarət olub. Dünənki görüş də bizim üçün vacib qarşılaşmalardan idi. çox sevinirik ki, vətənə qalibiyyətlə dönə, çətin şərtlərə rəğmən, bu vəzifənin öhdəsindən gələ bildik. Qurban Qurbanov başda olmaqla, komanda yoldaşlarıma, rəhbərliyə təşəkkürümü bildirirəm. Hər birimiz sərfəli nəticə ilə qayıda biləcəyimizə inanırdıq. Bu inamı gerçəkləşdirməyi bacardıq". (Report)
 
Xatırladaq ki, Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılmış qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Doğma meydanda olduğu kimi, səfərdə də "Kayrat"a eyni hesabla qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.
 
Beləliklə, Azərbaycan komandası Konfrans Liqasında pley-offa vəsiqəni təmin edib. Buna İsveçrə "Bazel"inin Kiprdə "Omoniya" ilə 1:1 hesablı heç-heçə etməsi şərait yaradıb.
 
"Qarabağ" H qrupunda ilk 2 sıradan birini təmin edib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
 
"Qarabağ" bununla avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest