"Qəbələ" İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
 
2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə bu komandanın uğurları üçün çalışıb. Əzizov "Qəbələ" ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.
 
Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən "Qəbələ" iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla Avropa Liqasının qrupunadək irəliləyib.
 
"Qəbələ" İdman Klubu Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
 
Qeyd edək ki, Zaur Əzizov bundan sonra "Neftçi"də eyni vəzifəni icra edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest