Futbol üzrə İspaniya La Liqasının 21-ci turu çərçivəsində baş tutan "Atletik"lə səfər oyunu "Real"ın hücumçusu Kərim Benzama üçün əlamətdar olub. Matc.az xəbər verir ki, o, bu oyunda dubla imza atmaqla 2021-ci ildə vurulan qol sayında İngiltərənin "Mançester Yunayted" klbunda çıxış edən Kristiano Ronaldonu üstələyib.
 
34 yaşlı hücumçu bu il vurduğu qolların sayını 47-yə çatdırıb. Ronaldonun hesabında isə 46 qol var.
 
Bu göstəricidə Almaniya "Bayern" klubunun hücumçusu Robert Levandovski (69 qol) liderdir. İkinci və üçüncü pillələri hərəyə 49 qolla Fransa PSJ klubunun forvardı Kilian Mbappe və Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Haland bölüşür.
 
Kərim Benzema cari mövsümdə La Liqada 18 matçda meydanda olub, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Benzema karyerası ərzində vurduğu qolların sayını da 401-ə çatdırıb. Bununla da o, ən məhsuldar fransız futbolçular arasında ikinci pilləyə yüksəlib. İndiyə qədər yalnız Tyerri Anri Benzemadan daha çox qol vurmağa nail olub – 411. Lakin Kərimin bu mövsümün gedişində Anrini geridə qoyub mütləq rekordçuya çevrilməsi də mümkündür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest