"Qarabağ" amputant komandası dünya çempionatına hazırlaşır. Komanda dünən yoxlama görüşündə qüvvəsini sınadı. Kikboksinq yığmamızın üzvləri ilə 3:3 hesabı ilə başa çatan oyunu izləyənlər arasında millimizin sabiq futbolçuları Tərlan Əhmədov, Yunis Hüseynov, Alim Qurbanov, Mahir Şükürov, Musa Qurbanov və Hüseyn Məhəmmədov kimi simalar da vardı.

Qarşılaşmadan öncə "Qarabağ Əlil Döyüşçüləri" Futbol Federasiyasının rəhbəri Rövşən Quliyev əməkdaşımızla söhbətində amputant komandasının yaranma tarixindən, fəaliyyətindən, qazandığı uğurlardan və ölkəmizdə bu idman növünə olan maraq və yaradılan şəraitdən danışıb. Onun sözlərinə görə, komandaya ən çox diqqət göstərən Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdir.

Elə görüş zamanı A. Əliyev də stadiona gəldi. Oyundan sonra komanda üzvləri ilə görüşən dövlət rəsmisi onların problemləri ilə maraqlandı. Ardından isə A. Əliyev əməkdaşımızın suallarını da cavabladı.

- 2021-ci il artıq yekunlaşmaq üzrədir. Başa çatmaqda olan ili Azərbaycan idmanı üçün necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, bu il pandemiya səbəbindən nəinki Azərbaycanda, hətta dünyada bəzi yarışlar keçirilmədi, bəziləri təxirə salındı. Baş tutan yarışlarda isə Azərbaycan çox gözəl nəticələr əldə etdi. Məsələn, Tokiodakı Yay Olimpiya və Paralimpiya Oyunlarında, güləş üzrə dünya çempionatında gözəl nəticələrimiz oldu. Pandemiya və onun yaratdığı çətinlikləri nəzərə almasaq, bütövlükdə 2021-ci il Azərbaycan idmanı üçün pis keçmədi.

- Tokioda olimpiyaçıların çıxışını daha qənaətbəxş hesab edirsiniz, yoxsa paralimpiyaçıların?
- Biz Tokioya yollanan bütün idmançılardan medal gözləyirdik. Ancaq paralimpiyaçılar doğrudan da çox gözəl nəticələr əldə etdilər. Onlar xalqımızı sevindirdilər. Onlar bir növ olimpiyaçılarımızın qisasını aldılar.

- Parlamentdən baxanda, Azərbaycan idmanı necə görünür? Problemlər çoxdurmu? Məsələn, yığma komandalarımıza xeyli əcnəbi idmançı cəlb olunsa da, onların da çoxu etimadı doğrultmur...
- Legionerlərin olması yaxşıdır. Belə əcnəbilərin milli komandalarımıza cəlb olunması müəyyən qədər öz idmançılarımız arasındakı rəqabəti də artırır. İdmançılarımız, həm də əcnəbilərdən öyrənirlər. Eyni zamanda, legionerlərin milli komandaya cəlb olunması bütün dünyada tətbiq olunan prosesdir. Yəni, mən bunu normal qarşılayıram. ümumiyyətlə, Azərbaycan idmanının gələcəyinə inanıram. ötən ilədək  torpaqları işğal altında olan dövlətin vətəndaşları kimi, əhval-ruhiyyəmiz tam fərqli idi. Amma 44 günlük Vətən Müharibəsindən sonra idmançılarımız çox böyük özünəinamla mübarizə aparırlar. ümid edirəm və əminəm ki, bunun davamı gələcək. Qələbə bütövlükdə idmanımıza da təsir edəcək. çünki bunlar bir-biri ilə çox bağlı məsələlər idi. Azərbaycan idmanının daha çox inkişaf edəcəyinə ümidvaram.

- "2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına" start verilmişdi. Futbol camiəsində dolaşan söhbətlərə görə, Dövlət yenidən belə bir proqram üzərində çalışır. Bu, nə dərəcədə realdır?
- Hazırda Azərbaycan idmanında islahatlar gedir. Yeni təyin olunmuş gənclər və idman naziri Fərid Qayıbov çox böyük həvəs və istəklə bu islahatlarda iştirak edir. Böyük dəyişikliklər var. Bunların effekti olacaq. Əminəm ki, futbolumuz da digər idman sahələri kimi inkişaf edəcək. Sadəcə, vaxt lazımdı.

- 2021-ci ildə Azərbaycan idmanı üçün ən böyük hadisə hansı idi?
- Məncə, Rafiq Hüseynovun Yunan-roma güləşi üzrə dünya çempionluğunu qazanması. Onun 33 yaşında belə bir nəticə göstərməsi çox böyük hadisə idi. Bədii gimnastikada da yaxşı nəticələrimiz oldu.

- Bəs "Qarabağ"ın avrokuboklarda pley-offa yüksəlməsi...
- Təbii ki, futbol da idmanın bir növüdür. Cənab prezidentimiz İlham Əliyev də "Qarabağ" klubunu bu uğur münasibətilə qəbul etdi. Bu, həm prezidentin, həm xalqımızın bu komandaya verdiyi dəyərin göstəricisidir. Dediyim kimi, bütün bunlar bir-biri ilə çox əlaqəlidir. Qarabağda əldə olunmuş zəfərdən sonra "Qarabağ" klubu da çox böyük uğura imza atdı. Mənə elə gəlir ki, bundan sonra bu uğurların davamı gələcək.

- "Qarabağ"ın əsas rəqibi vaxtilə sizin vitse-prezident kimi də çalışdığınız "Neftçi" klubudu. Amma sabiq komandanız avrokuboklarda "Qarabağ" kimi özünü doğrulda bilmir. Bunun səbəbi nədir?
- ümumiyyətlə, həm futbolda, həm də digər idman növlərində birbaşa o sahəyə bağlı olan adamlar çalışmalıdılar. Federasiya prezidentlərini hardasa başa düşmək olar. Amma klublarda, digər postlarda sırf idman adamları olmalıdı. Kənardan gəlmiş adamların hansısa idmançıya, futbolçuya yol göstərməsinin nəticəsi də belə olmalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest