Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Bosniya və Herseqovina yığmasının qapıçısı Kenan Piriçlə mərakeşli yarımmüdafiəçi Ussama Tannaneni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tannane Niderlandın "Vitess" klubundan transfer olunub. Mərakeşdə anadan olan futbolçu, "Ayaks"ın yetirməsidir. O, karyerası ərzində "Herenven", "Herakles", "Sent-Etyen", "Las Palms" və "Utrext" klublarının da formasını geyinib. 27 yaşlı futbolçu 2019-cu ildən "Vitess"də çıxış edirdi. Niderlandın U-21 yığmasında oynamış yarımmüdafiəçi, sonradan Mərakeş millisini seçib. O, ölkəsinin əsas yığmasında 11 matça çıxıb.
 
Kenan Piriç isə Yunanıstanın "Atromitos" klubundan transfer edilib. 28 yaşlı qolkiperlə 1.5 illik müqavilə imzalanıb. Bosniya və Herseqovina yığmasının da üzvü olan futbolçu, karyerası ərzində "Qradina", "Sloboda", "Jrinski" və "Maribor" kimi komandaların formasını geyinib.
 
Türkiyə klubu Piriçin gəlişindən sonra öz qapıçısı Balaj Medyeri ilə yollarını ayırıb. 31 yaşlı macar qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Macarıstan yığmasında da oynamış təcrübəli qolkiper karyerasını Limassol AEL-ində davam etdirəcək. O, 2020-ci ildən bu komandada çıxış edirdi. ötən mövsüm cəmi 4 matça çıxan futbolçu, bu mövsüm 1 oyunda şans qazanmışdı.
 
"Göztəpə" Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının sol cinah müdafiəçisi Fransua Mubandjeni də heyətinə qatıb. Həm Kamerun, həm də İsveçrə vətəndaşlığı olan 31 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında İzmir klubunun uğurları üçün çalışacaq. 2019-cu ildən "Dinamo"da çıxış edən futbolçu, əvvəllər "Meyrin", "Servett" və "Tuluza"da da forma geyinib. Mubandje İsveçrənin əsas yığmasında 21 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest