"Hazırkı vəziyyətdə Nurlan İbrahimovun məsələsi ilə bağlı nə isə demək çox çətindir".
 
Matc.az xəbər verir ki, bunu  "Report"a açıqlamasında "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev İdman Arbitraj Məhkəməsində (CAS) UEFA-ya qarşı şikayət ərizəsi əsasında keçirilmiş məhkəmə prosesi barədə danışarkən deyib.
 
Haqverdiyev öz arqumentlərini dinləmədə irəli sürdüklərini xatırladıb: "Qarşı tərəf də öz fikrini bildirib. Faiz dərəcəsi ilə götürsək, nə isə demək çətindir. İstənilən qərar çıxa bilər. Yəni, əvvəlki qərar qüvvədə qala, cəza azaldıla da bilər".
 
Vəkil qərarın verilməsinin növbəti dəfə təxirə salınma ehtimalı barədə də danışıb: "Hələlik gözləmə mövqeyindəyik. Bizə əvvəlcədən məlumat verilmir. Yanvarın 27-dək gözləməliyik. Qərar ertələnsə, yanvarın 26-da da bizə məlumat verilə bilər. Ancaq təxirə salınanda qarşı tərəfə məktub göndərilir".
 
Qeyd edək ki, Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, 27 yanvaradək təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest