"Qarabağ"ın "Marsel"ə sürpriz edəcəyinə inanmıram". Matc.az xəbər verir ki, bunu  "Neftçi"nin sabiq futbolçusu Romen Bask "Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
 
Qış fasiləsində "ağ-qaralar"ı ölkəsinin "Şatoru" klubuna dəyişmiş fransalı yarımmüdafiəçi Ağdam təmsilçisinin növbəti mərhələ şanslarının olmadığını bildirib: "Marsel" bu mövsüm yeni prezidenti, idman direktoru və baş məşqçisi ilə çox güclü mentalitetə sahibdir. Onlar heç vaxt özlərindən kiçik komandalara güzəştə getmir, oynamaq imkanı vermirlər. Bu mövsüm bütün mümkün titulları qazanmaq istəyirlər. 99 faiz əminəm ki, "Qarabağ"ın bu oyunda heç bir şansı yoxdur. Bunun üçün qonaqlar ən yaxşı, meydan sahibləri isə ən pis günündə olmalıdır. Yalnız bu halda "Marsel"ə qarşı mübarizə apara bilərlər".
 
27 yaşlı oyunçu azarkeş və baş məşqçi amilinin "Marsel" üçün əlavə üstünlük olduğunu söyləyib: "Stadion açıqdır, çoxlu azarkeş gələcək. Xorxe Sampaoli heç vaxt oyunçularına motivasiya verməyi dayandırmır. Yəqin ki, meydana da ən yaxşı "11-liy"i buraxacaq. "Marsel" Bakıya risk altında getməmək üçün cütün taleyini ilk oyundaca həll etməyə çalışacaq. Fikrimcə, komanda evdə asan qələbə qazanacaq və cavab oyunundan sonra 1/8 finala adlayacaq" (report).
 
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest