Azərbaycan futbolunda tarix yazaraq avrokuboklarda pley-off səddinə adlayan "Qarabağ" ilk oyununa çıxdı. Ağdam təmsilçisi Fransa nəhəngi "Marsel"in qonağı oldu. Cütün aşkar favoriti fransızlar hesab olunurdu. Ancaq hadisələri qabaqlayaraq demək lazımdı ki, "Qarabağ" "Velodrom"dakı oyunu ilə bunun kağız üzərində olduğunu sübuta yetirdi.

Konfrans Liqası
Pley-off, ilk oyun
17 fevral

"Marsel" (Fransa) – "Qarabağ" (Azərbaycan) - 3:1
Qollar: Arkadiuş Milik, 41, 44, Dimitri Paye, 90+2 - Kadi Borqes, 85
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Marsel, "Velodrom" stadionu
"Marsel": 30. Stiv Mandanda (k), 3. Alvaro, 4. Bubakar Kamara, 5. Leonardo Balerdi, 14. Luan Peres, 29. Pol Lirola, 8. Gerson (6. Matteo Qenduzi, 69), 22. Pape Qeye, 17. Cengiz ünder (12. Bamba Dienq, 69), 20. Konrad de la Fuente (13. Sedrik Bakambu, 68), 9. Arkadiuş Milik (10. Dimitri Paye, 68)
Ehtiyat oyunçular: 1. Simon Nqapanduenbnbu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 7. Amine Harit, 15. Duje Kaleta-Kar, 23. Sead Kolaşinaç, 31. Uqo Bertelli, 46. Aylan Benyahya Tani
Baş məşqçi: Xorxe Sampaoli

"Qarabağ": 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 2. Qara Qarayev (18. İsmayıl İbrahimli, 90+1), 6. Patrik Andrade, 19. Filip Ozobiç (77. Ramil Şeydayev, 74), 10. Abdullah Zubir (15. Leandro Andrade, 90+1), 20. Kadi Borqes, 25. İbrahima Vadji (22. Musa Qurbanlı, 89)
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 97. Rüstəm Əhmədzadə
Baş məşqçi: Qurban Qurbanov

"Marsel" ideal olmasa da, demək olar ki, əsas heyətlə meydana çıxmışdı. Baş məşqçi Xorxe Sampaoli yalnız Matteo Qenduzi, Sedrik Bakambu və Dimitri Payeni ikinci hissə üçün saxlamışdı. "Qarabağ" isə müdafiəçi Abbas Hüseynovun xidmətindən məhrum idi. Şahruddin Məhəmmədəliyev zədəli olduğundan, qapıda da yeni transfer Luka Quqeşaşvili dayanmışdı.

Hər iki komandanın topla oynamağı sevməsi matçın hansı axarda keçəcəyinə marağı artırırdı. Gözlənilənin əksinə, "Qarabağ" ilk dəqiqələrdən heç də ikinci planda oynamağı seçmədi. Əksinə, təmsilçimiz ev sahiblərini ehtiyatlı oyuna vadar etdi. Hakimin start fiti ilə Qurban Qurbanovun yetirmələri rəqibə yüksək templi açıq futbol təklif etdi. Nə qədər təəccüblü səslənsə də, "Marsel" "Qarabağ"ın təzyiqini yatırmaqda çətinlik çəkirdi. Artıq ilk 15 dəqiqədə komandamızın hesabı açmaması üçün heç bir səbəb yox idi. Di gəl ki, yaradılan üç təhlükəli hücum müxtəlif səbəblərdən məntiqi sonluqla yekunlaşmadı. Kadi Borqes çərçivəyə düşə bilmədisə, Abdullah Zubirin yaxın məsafədən fərqlənməsinə qapıçı, Filip Ozobiçin toru silkələməsinə isə müdafiəçi imkan vermədi. Ev sahibləri bu dəqiqələrdə yalnız Arkadiuş Milikin cərimə meydanı həndəvərindən vurduğu zərbə ilə Quqeşaşvilini həyəcanlandıra bildi.

"Qarabağ" futbolçularının orta xətdəki çevikliyi fransızları əməlli-başlı çaş-baş salmışdı. Meydan sahibləri topu ələ keçirən kimi, təzyiq altına alınırdı. Nəticədə rəqib mərkəzi keçər-keçməz hücumu yarımçıq kəsilirdi.

Ağdamlıların sol cinahdan həmlələri daha təhlükəli olurdu. Toral Bayramovun da dəstəyini arxasına alan Zubirin reydləri rəqibə tez-tez həyəcan siqnalı verirdi. Fransalı texniki bacarıqları sayəsində komandamızın hücumlarına əlavə güc qatırdı. Ancaq eyni sözləri İbrahima Vadji üçün demək mümkün deyil. Seneqallı forvard xətti müdafiədən yararlanan "Marsel"in mərkəzində ciddi boşluqlar əldə edə bilirdi. Lakin sürətdə rəqib müdafiəçilərinə uduzurdu. Vadji bir neçə epizodda az qala mərkəzdən qapıçı ilə təkbətək vəziyyətə düşsə də, rəqibin mərkəz müdafiəçiləri özlərini yetirib topu ondan alırdılar.

"Qarabağ" ilk yarım saatda sanki öz meydanındaymış kimi çıxış etdi. "Marsel" yalnız son 15 dəqiqədə oyunu bərabərləşdirməyi bacardı. Hər şey istədiyimiz kimi gedirdi. Ancaq Quqeşaşvilinin bir səhvi bütün planları alt-üst etdi. Gürcüstanlı qolkiperin adi epizodda topu əlindən buraxması rəqibə heç nədən korner qazandırdı. Hücumun davamında isə ev sahibləri hesabı açdı. Təmsilçimiz bu qolun şokunu üzərindən atmamış bu dəfə Kevin Medina rəqibə hədiyyə etdi. Milik onun səhvini də bağışlamadı. Nəticədə "Qarabağ" "Velodrom"da birinci hissəsini üstün keçirdiyi ilk yarını 2 top fərqilə geridə tamamladı.

Fasilədən sonra da ssenari dəyişmədi. Yenə mübarizəyə üstün başlayan tərəf təmsilçimiz oldu. Hətta dərhal fərqi minimuma endirmək imkanı da yarandı. Lakin 50-ci dəqiqədə Ozobiçin zərbəsindən sonra bu dəfə dirək fransızların imdadına yetişdi. Meydan sahibləri "Qarabağ"ın cinah keçidlərini zərərsizləşdirməkdə aciz görünürdü. Ancaq  bu həmlələr heç cür bəhrə vermirdi. Ya son anda müdafiəçilər topa ayaq qoyur, ya da qapı qarşısına ötürmə ünvansız olurdu.

İlk yarı ilə müqayisədə ikinci hissədə "Qarabağ" hücumda çox kəsərli görünməsə də, fransızlar da heç nə ilə yadda qalmırdılar. Əks-hücumlara bel bağlayan "Marsel"in topa sahib olarkən az adamla hücum qurmaq cəhdləri uğursuz olurdu. Sampaolinin ardıcıl əvəzləmələri də bu gedişatı dəyişməyə kömək olmurdu.

Qurban Qurbanov isə ilk dəyişikliyi 74-cü dəqiqədə etdi. Ozobiçin əvəzinə Ramil Şeydayevin mübarizəyə qoşulması oyun sistemini də dəyişdi. 4-3-3 sxeminə keçiddə məqsəd Bakıdakı matç öncəsi ən azı fərqi minimuma endirmək idi. Şeydayev hücumun sağ cinahındakı yerini aldısa, Kadi pleymeyker mövqeyinə çəkildi.

Bu dəyişiklərdən sonra irəlidə çoxluq təşkil edən təmsilçimiz rəqibin orta sahəsində kifayət qədər boşluqlar tapırdı. Ancaq futbolçularımız ötürmə verməli olduqları anda zərbəyə, qapını nişan almalı epizodda isə ötürməyə üstünlük verirdilər. Bu da real qol imkanı yaratmağa mane olurdu. Xüsusən də, Kadi fəallığı ilə seçilməsinə baxmayaraq, son anda düzgün qərar verə bilmirdi. Ancaq bu fəallıq fərqlənməsi üçün kifayət etdi. Rəqibdən fərqli olaraq, qurulan gözəl hücumu braziliyalı topu boş qapıdan keçirməklə tamamladı.

"Qarabağ" təzyiqi o dərəcədə artırmışdı ki, futbolçular son dəqiqələrdə bərabərlik topuna ümidlənmişdilər. Əvəzləmələr də buna uyğun edildi. Amma bütün komandanın qol vurmağa köklənməsi baha başa gəldi. Son saniyələrdə Paye komandasına iki top fərqli qələbə gətirən qolu vurdu. Təmsilçimiz daha təmkinli oynayıb, minimal hesablı məğlubiyyəti qorusaydı, Bakıda işi nisbətən asan olardı.

Bir həftə sonrakı qarşılaşmada Fransa nəhəngini minimum 2 top fərqi ilə üstələmək lazımdır. İlk qarşılaşma öncəsi, bəlkə də, bu, mümkünsüz sayılardı. Ancaq sərgilənən oyun göstərdi ki, "Qarabağ" Bakıda azarkeşlərin də dəstəyi altında "Marsel" səddini keçə biləcək gücdədir.

Komandanın hücumda təzyiq edən zaman fransızların təşvişə düşməsi, boşluqlar buraxması qələbəyə ümid verən amillərdəndir. Bakıdakı matçın ilk yarısında hesabı açmaq mümkün olarsa, "Qarabağ"ın işi daha asan olar.

Bunun üçün isə fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunu doldurmaq və "Qarabağ"ı qələbəyə ruhlandırmaq vacibdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest