İsveçrəli iş adamı Hansyorq Viss rusiyalı milyarder Roman Arbamoviçdən "çelsi"ni almaq təklifi aldığını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə o, "Blick"ə açıqlamasında deyib:
 
"Abramoviç İngiltərədəki villalarını satmağa çalışır. O, həm də tez bir zamanda "çelsi"dən qurtulmaq istəyir. Martın 1-də mən və daha üç nəfər Abramoviçdən "çelsi"ni almaq təklifi aldıq. Dörd-beş gün gözləməliyəm. Abramoviç həddindən artıq çox pul istəyir. "çelsi"nin ona 2 milyard funt sterlinq borcu var. Amma klubun ona qaytarmağa pulu yoxdur. Bu o deməkdir ki, "çelsi"ni kim alsa, Abramoviçə bu məbləği kompensasiya etməli olacaq.
 
Hazırda dəqiq satış qiymətini bilmirik. Əvvəlcə ümumi şərtləri öyrənməliyəm. Əminliklə deyə bilərəm ki, təkbaşına belə bir iş görməyəcəm".
 
Bu arada, Abramoviç Londondakı daşınmaz əmlakını satmağı qərara alıb. Bu barədə Böyük Britaniya parlamentinin üzvü Kris Brayant "Bloomberg"ə açıqlama verib. O bildirib ki, səbəb krallığın rusiyalı milyarderə tətbiq etmək istədiyi sanksiyalardır:
 
"Abramoviç sanksiyalardan qorxur. Buna görə də, evini və mənzillərindən birini satmaq niyyətindədir".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest