19 Mart 2022, 14:00
DÖYÜŞ NÖVLƏRİ
Martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, bir həftə davam edəcək qitə birinciliyində ümumilikdə 23 güləşçimiz qüvvəsini sınayacaq. Artıq məsul yarışda iştirak edəcək heyət müəyyənləşib.
Martın 18-də Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də izlədiyi sərbəst güləş üzrə millinin məşqində sınaq xarakterli görüşlər keçirilib. Beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalardan sonra yığmanın yekun heyətinə aydınlıq gətirilib. Hazırlıq prosesi yekunlaşdıqdan sonra Aç-nin ilk günlərində mübarizə aparacaq komandamızın Budapeştə yollanacaq tərkibi açıqlanıb. Beləliklə, Macarıstanda baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Zirəddin Bayramov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) güləşəcək.
Martın 14-dən Budapeştdə təlim-məşq toplanışı keçən qadın güləşi üzrə millimiz cəmi 3 idmançıyla Aç-də təmsil olunacaq. Baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) qitə birinciliyində mübarizə aparacaq.
Yunan-Roma güləşi üzrə millimiz isə yarışın son günlərində çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Aç-də I-S kateqoriyalı hakimlərimiz - Asif Şirəliyev, İntiqam Alıyev və Sədi Quliyev ədaləti qoruyacaq.