"Maltaya qarşı keçirdiyimiz oyuna görə narahat idim". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Latviya ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında deyib.
 
66 yaşlı mütəxəssis Maltada baş tutacaq qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "Əminəm ki, yığmamız daha yaxşı oyun göstərə bilər. Sabah da bunu göstərməliyik. İlk növbədə özümüzə inanmalı və taktiki baxımdan inkişaf etməli idik. Malta önündə taktiki problemlərimiz oldu. Futbolçularla bu barədə danışdım. İki məşq keçməyimizin də buna təsiri oldu".
 
- Sabah nəticə sizin üçün nə dərəcədə vacibdir?
- Əgər yaxşı oyun göstərsək, futbolçular öz mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olar. Nə zaman yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. FIFA reytinqində 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası özümüzə inanmalıyıq.
 
- Malta ilə oyunda komanda meydanda gərgin görünürdü. Bunun səbəbi nə idi?
- Artıq 30 ildir məşqçi kimi işləyirəm. Böyük və balaca komandalarda çalışmışam. İlk dəfədir belə söhbət eşidirəm. Malta ilə matçda ən böyük problem onlardan az qaçmamağımız idi. Onlardan daha istəkli, aqressiv olmalıyıq. Oyundan əvvəl oyunçumuza Maltanın kapitanının şəklini göstərdim. Dedim ki, onlar burda gəzməyəcəklər, mübarizə üçün bizi gözləyirlər. Başa saldım ki, qələbə üçün döyüşmək lazımdır.
 
- Azarkeşlər nəticədən çox daha istəkli komanda görmək istəyir. Bu istiqamətdə hansı işlər görülür?
- Əgər 3 ötürmə verə bilmiriksə, burada hücum futbolundan söhbət gedə bilməz. Taktiki problemlər ola bilər. Amma texniki çatışmazlıqlar da var idi. Bu baxımdan inkişaf etməliyik. Birinci hissədə 2-3 epizod oldu ki, il ötürmələr düzgün olsaydı, təhlükəli ola bilərdik. Sabah əvvəlki sistemə qayıdırıq. Bu üzdən matçdan sonra bəhanə olmayacaq. Sabah hamımız milli forma altında Azərbaycan bayrağı üçün mübarizə aparmalıyıq.
 
- Sabah optimal heyətlə çıxış edəcəksiniz, yoxsa digər oyunçulara da şans veriləcək?
- Bədavi Hüseynovdan başqa hamı hazırdır. Heyəti görmək üçün tələsməyək, sabahı gözləyək.
 
Qeyd edək ki, sabah keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest