08 Aprel 2022, 22:38
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Sabirabad şəhərinə səfəri çərçivəsində Sabirabad və İmişli rayonlarını təmsil edən məşqçilər və cüdoçular ilə görüşüb. Matc.az xəbər verir ki, görüş zamanı verilən məlumata görə, Sabirabad rayonunda 60-a, İmişli rayonunda isə 120-yə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olurlar.
Hər iki rayondan ən son keçirilən 15 yaşa qədər yeniyetmələr arasında region birinciliklərində yer tutaraq Azərbaycan birinciliyinə vəsiqə qazanan idmançılar var. Həmçinin, İmişli rayonunun yetirməsi Səid Orucov 21 yaşa qədər gənclər arasında fevral ayının sonunda keçirilən Azərbaycan birinciliyində +100 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Hər iki rayonda cüdonun inkişafı üçün böyük potensial olduğunu vurğulayan Rəşad Nəbiyev maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.