"Belə gedişlə gələcəkdə buradan 100 faiz futbolçu da çıxacaq". Matc.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov deyib.
 
Artıq 3 aydan çoxdur Şamaxıda olduğunu deyən veteran futbolçu, çətin olsa da, işləri getdiyini bildirib: "Şamaxının əsas idman növü futbol deyil, güləşdir. Bu gün isə futbola maraq çox böyüyüb. Hər məşqə 5-6 yeni uşaq gəlir. Artıq 150-dən çox uşaq var, onlara baxmaq çətindir. Amma iş gedir, balacalar artırır. Orta yaş qrupları demək olar ki, bir az əziyyət çəkirlər. Burada 5 yaşından 13 yaşadək uşaqlar var. Hələlik onları yaş qruplarına bölməmişik. Bunu gələcəkdə edəcəyik. Hazırda futbola marağı artırırıq, ona görə məşqlərə çoxlu uşaq gəlir".
 
O, 14-15 yaşlı uşaqlara da fürsət yaratdıqlarını diqqətə çatdırıb: "Bu yaşda Şamaxıda yaxşı uşaqlar var. Planlarımızda 14-15 yaşlılara məşq keçmək yoxdur. Meydança və top veririk ki, oynaya bilsinlər".
 
Qasımovun sözlərinə görə, əsas məqsəd futbola marağı artırmaqdır. O bildirib, rayonda futbola marağın necə olması "Şamaxı"nın "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XXIII tur matçında görünüb: "Hamı gəlib oyuna baxmaq istəyirdi. Növbəti matçda da stadion dolacaq. Əhali futbolu çox sevir".
 
"Burada ilk olaraq, məktəblər arasında seleksiya işi görmüşük. Bəzi yaş qruplarında məktəblər arasında turnir də keçirmişik. Həmin yarışlardan maraqlı uşaqları məşqlərə dəvət edirik", - deyə o vurğulayıb.
 
Qasımov "uşaqları kross qaçırtmağa icazə varmı" sualını da cavablandırıb: "Məni uşaqlıqda çox kross qaçırdıblar (gülür). İndi məşqlərin hamısı demək olar ki, topladır. Topla və topsuz da qaçmaq olar. Hazırda futbol 3-4 metrlik məsafədə oynanılır. Az futbolçular var ki, 30-40 metr qaça bilir".
 
Koordinator Şamaxı şəhər stadionunun süni örtüyündə uşaqların futbol oynamalarına da münasibət bildirib: "Mən cavan və uşaq vaxtı asfalt, taxta meydança görmüşəm. Hər yerdə oynamışam, bizdə belə şərait yox idi. Hazırkı dönəmdə uşaq məktəbi üçün süni meydança çox yaxşıdır. ötürmə öyrətmək, rəqibi aldatmağı başa salmaq s. xalçanın üstündə çox rahatdır. Yəqin ki, çox eşidirsiniz ki, süni örtükdə məşq edəndə çoxlu zədə olur. Amma zədələr bununla deyil, çox yüklənmə ilə əlaqədardır. Hər yaş qrupunun məşq üçün öz vaxtı var. Ona riayət etsən, zədələr olmayacaq. Yüklənmə deyəndə nəyi nəzərdə tuturam? Məsələn, idmançını 20 kq-ı qaldırmağı məcbur etmək mümkündür, amma ikinci məşqdə o, zədə ala bilər. çünki şişən əzələlər qaçanda cırılacaq. Bundan əlavə, 1,5 saatdan çox məşq etmək olmaz. Belə hallarda da zədələr gəlir. Bu səbəbdən, yüklənmələrə diqqət etmək lazımdır"
 
Keçmiş hücumçu hazırda bütün gününün Şamaxıda keçdiyini vurğulayıb: "Ailəm Bakıdadır, imkan olanda gəlirlər. Mən isə burada qalıram. Əsas işim buradadır və demək olar ki, bütün günümü Şamaxıda keçirirəm. Hazırda 4 məşqçi və 1 inzibatçımız var. Məşqçilərin hamısı yerli mütəxəssisdir, D kateqoriyaları var. Gələcəkdə daha yüksək kateqoriyanı oxumağa davam edəcəklər".
 
Qasımov uşaq futbolunun xüsusiyyətlərindən də danışıb: "Futbolu sevməz lazımdır. Mən uşaqlıqdan bu idmanın xəstəsi olmuşam. Yeni işimdə bir az fərqli məqamlar var. Amma Azərbaycanda uşaq futbolu ilə bağlı böyük problemlər mövcuddur. Bu, rayonlara da aiddir. Mən də uşaq futbolunun qalxmasını və gələcəkdə yaxşı futbolçuların çıxmasını istəyirəm. Seleksiya işlərimiz hələlik Şamaxıya aiddir. Amma yaxın bölgələrdə də olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest