AFFA Klublar Komitəsinin bir neçə gün öncə keçirilən ilin ilk iclasında növbəti mövsüm Azərbaycan Premyer Liqasında tətbiq ediləcək legioner limiti müzakirə edildi.

AFFA Klublar Komitəsinin bir neçə gün öncə keçirilən ilin ilk iclasında növbəti mövsüm Azərbaycan Premyer Liqasında tətbiq ediləcək legioner limiti müzakirə edildi. Matc.az xəbər verir ki, "Neftçi"nin idman direktoru Zaur Əzizov bu məsələ ilə bağlı bəzi sualları cavablayıb:
 
- "Neftçi"nin legioner limiti ilə bağlı mövqeyi necədir?
- "Neftçi" olaraq təbii ki, bizim üçün iki əsas yol var – nəticə qazanmaq və ölkə futboluna yeni oyunçular qazandırmaq. Diqqət etsəz, özəlliklə son illərdə görərsiz ki, istisnasız bütün məşqçilərin dönəmində "Neftçi"nin əsas komandasında akademiyamızın yeni üzvləri meydançaya çıxırlar və proses bu gün də davam edir. Limitdə hər hansı dəyişiklik olarsa belə, əsas komanda hər zaman akademiyamızın futbolçularından yararlanacaq, hansısa istedadlı yerli futbolçumuzun qarşısı kəsilməyəcək.
 
- Yəni "Neftçi" legioner limitinin yumşaldılmasına etiraz etmir...
- çox istərdik ki, məsələ yalnız legioner limiti şəklində müzakirəyə çıxarılmasın – çempionatda köklü şəkildə dəyişikliklər edilməlidir və legioner limiti məsələsi bu işin bir parçası olmalıdır. Yəqin ki, Azərbaycan çempionatı dünyada yeganə liqadır ki, bütün iştirakçıların məqsədi UEFA turnirlərinə vəsiqə qazanmaqdır. çünki çempionatda UEFA turnirlərində iştirak və ya ordan gələcək vəsaitdən başqa heç bir stimul yoxdur. Halbuki əksər liqalarda komandaların müxtəlif hədəfləri var – çempionluq, avrokuboklarda iştirak, əcnəbi futbolçuları yetişdirib satmaq, akademiyanı ön plana çıxarmaq və ya sadəcə təmsil etdiyi regionda futbolun kütləviləşdirilməsi və s. Sırf legioner məsələsinə gəlincə, dərhal deyil, amma sistemli və bir neçə il öncədən müəyyən etməklə, limit məsələsini tam aradan qaldırmaq olar. Burada da keyfiyyətə nəzarət etmək üçün müəyyən sayda legionerdən sonra gətirəcəyin oyunçularla bağlı – milli futbolçu, reytinqli çempionatdan legioner gətirmək və s. kimi kriteriyalar tətbiq etmək lazımdır. Bu zaman keyfiyyətsiz əcnəbilərin də axını baş tutmaz.
 
- Gənc futbolçu limitinin də aradan qaldırılması gündəmdədir...
- Gənc futbolçu limiti nə üçündür? Sırf U21 milli komandası üçün nəzərdə tutuldusa, deməli, özünü doğrultmadı. AFFA istəyirsə, Premyer Liqa klubları uşaq futboluna diqqəti azaltmasın, o zaman indidən qərar çıxara bilər ki, 3 mövsüm sonra klubların iştirak ərizəsində bəlli sayda klubun öz yetirməsi – minimum 2-3 il klub akademiyasında çıxış edən futbolçuların yer alması vacibdir və indidən klubların da hazır olmaları üçün 3 il vaxtları olar.
 
- Az öncə qeyd etdiyiniz "çempionatda köklü dəyişikliklər edilməlidir" dedikdə nəyi nəzərdə tuturdunuz?
- çempionata növbəti legioner limiti yox, təşviq sistemi gətirmək lazımdır. Hazırda AFFA demək olar bütün klublara maddi vəsait ayırır. Yaxşı olardı ki, ümumi vəsaitin müəyyən hissəsi ilə təşviq fondu yaradılsın. Kim daha düzgün işləyirsə, ölkə futbolunun inkişafına töhfə verirsə, məsələn – daha çox yerli futbolçu oynadırsa, daha çox gənc futbolçu oynadırsa, milli komandalara futbolçu göndərirsə, əcnəbi klublara yerli futbolçu satırsa və s. daha çox qazansın. Yerli futbolçuların oynadılması məcburi deyil, təşviq sistemi ilə olmalıdır. O zaman artıq çempionatdakı klubların yeganə stimulu UEFA turnirlərində iştirak olmayacaq. Biz "Neftçi" klubu olaraq istərdik ki, AFFA, PFL, klub nümayəndələrindən ibarət işçi qrupu yaradılsın və bu məsələni geniş tərkibdə müzakirə edək və dəyişiklik yalnız legioner limiti ilə məhdudlaşmasın. (Futbolpress.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest