"Qəbələ"nin futbolçusu Rafael Utziq əyalət təmsilçisinə qayıdıb-qayıtmayacağını bilmir. Matc.az xəbər verir ki, bu barədə braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlama verib.
 
Hazırda vətənində istirahət edən 26 yaşlı forvard bildirib ki, bu işlərlə agenti məşğul olur: "Mövsüm başa çatıb. Braziliyada ailəmi görmək üçün bir neçə gün vaxtım var. Yeni təkliflər və digər məsələlərlə bağlı hər şeyi agentimin öhdəsinə buraxmışam".
 
Komandasının Premyer Liqanı 4-cü pillədə bitirərək, Avropa Konfrans Liqasına vəsiqə qazanmasına da toxunan Utziq mövsümün əvvəlində çoxlarının onlara inanmadığını söyləyib: "Düşünürdülər ki, son sıralardan birini tutacağıq. Bunu etməklə vəzifəmizin öhdəsindən gəldiyimizi düşünürəm. Komandamız avrokuboklara getməyə layiq idi".
 
Utziqin "Qəbələ" ilə müqaviləsinin müddəti bitib. Tərəflər yeni sözləşmə ilə bağlı danışıqları davam etdirirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest