İngiltərənin "Brentford" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi çempionşipdə mübarizə aparan "Hall Siti"nin gənc forvardı Kin Luis-Potteri transfer edib.
 
Bu barədə hər iki klub rəsmi saytları vasitəsilə məlumat yayıb. 21 yaşlı futbolçunun keçidi "Brentford"a 16 milyon funt-sterlinqə başa gəlib. Lakin "Hall Siti"nin bonuslarla daha 4 milyon funt-sterlinq qazanmaq şansı var. İngilis futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.
 
Kin Luis-Potter "Hall Siti"nin öz yetirməsidir. O, peşəkar karyerasına 2019-cu ildə məhz bu komandada başlayıb. Doğma komandasının heyətində 122 matça çıxmış futbolçu, bu görüşlərdə 30 qol vurub. O, İngiltərənin U-21 yığmasında da 4 oyuna çıxıb və 1 qol vurub.
 
Luis-Potteri "Brentford"a satan "Hall Siti" onun əvəzində kolumbiyalı hücumçu Oskar Estupinanı transfer edib. Portuqaliyanın "Vitoriya Gimaraynş" klubundan transfer olunmuş 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Portuqaliya təmsilçisindən azad agent kimi ayrılmış futbolçu yeni klubuna təzminat xərci çəkdirməyib.
 
Oskar Estupinan karyerasına "Onse Kaldas" komandasında başlayıb. O, 2017-ci ildən Portuqaliya təmsilçisində forma geyinən hücumçu, geridə qalan mövsümdə 33 matça çıxıb, 16 qol vurub, 3 məhsuldar ötürmə edib. "Vitoriya Gimaraynş" onu 2019-cu ildə Ekvadorun "Barselona", 2019/20 mövsümündə isə Türkiyənin "Dənizlispor" klublarına icarəyə də vermişdi.
 
"Hall Siti"nin sahibi türkiyəli Acun Ilıcalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest